Press "Enter" to skip to content

“Xəmsə” özbək dilində

"Xəmsə" özbək dilində

Son yeniləmə: 26 Noyabr 2021 11:12

Bayraqdar.info – Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində dahi Azərbaycan şairinin özbək dilində çap olunan “Xəmsə”sinin təqdimatı keçirilib.

Xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Təqdimatda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak edib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev N.Gəncəvi yaradıcılığını türk xalqları arasında mənəvi körpü kimi səciyyələndirib: “Bu layihə Nizami irsinin Özbəkistanda daha geniş yayılması üçün çox əhəmiyyətlidir. Tərcümə birbaşa orijinaldan edilib və bu da əsərin bədii dəyərinin qorunub saxlanılması deməkdir. Əlişir Nəvai də Nizami Gəncəvi də bizim ortaq mədəniyyətimizin böyük zirvələridir”.

“Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsində N.Gəncəvi yaradıcılığına böyük maraq və sevgi olduğunu deyib. O qeyd edib ki, 1936-cı ildə Daşkəndəki indiki Dövlət Pedaqoji Universitetinə dahi şairin adı verilib. 2004-cü ildə Daşkənddə Prezident İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun iştirakı ilə universitetin qarşısında dahi şairin büstünün açılışı olub. Böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvini öz ustadı, ilhamvericisi hesab edib, onu pir, Xızır adlandırıb. O, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” adlandıraraq hər poemanın başlanğıcında Nizamiyə hörmət və məhəbbət əlaməti olaraq xüsusi səhifələr yazıb.

“Daha sonra “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov bildirib ki, Daşkənddəki H.Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Xalq şairi Camal Kamal arasında dahi Nizami “Xəmsə”sinə daxil olan əsərlərin bütövlükdə özbək dilinə tərcümə olunmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, C.Kamalın rəhbərliyi ilə xüsusi redaksiya şurası yaradılıb və “Xəmsə”yə bütün poemalar orijinaldan tərcümə edilir.

“AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli diqqətə çatdırıb ki, Nizaminin özbək dilinə ilk tərcüməsi XIII əsrdə “Xosrov və Şirin” poeması ilə başlanıb. Bu, Özbəkistanda Nizamiyə olan məhəbbəti göstərir. Akademik vurğuladı ki, “Kainatda hər şey cəzbə bağlıdır” deyən Nizami ümumdünya cazibə qanununu Nyutondan 500 il əvvəl irəli sürüb.

“Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, Özbəkistan Milli Universitetinin professoru Hamidulla Baltabayev, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Bədəlova, Özbəkistan Dövlət Universitetinin professoru Nigina Şermuhammedova, Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, professor Kərimulla Məmmədzadə çıxış ediblər”, – deyə xəbərdə bildirilir.

Daha sonra nazir E.Əliyev “Xəmsə”nin özbək dilinə tərcüməsində əməyi olan şəxslərə və Özbəkistandan forumda iştirak edən nümayəndə heyətinin üzvlərinə, Özbəkistanın Azərbaycandakı səfiri B.Əşrəfxanova “Nizami Gəncəvi – 880” xatirə nişanını təqdim edib.

Professor N.Şirmuhammedova da öz növbəsində Azərbaycan-Özbəkistan dostluğunu simvolizə edən, üzərində Nizami Gəncəvi və Əlişir Nəvainin portretləri həkk olunmuş vaza və xalqların arixindən bəhs edən kitabları E.Əliyevə hədiyyə edib. Professor Erkin Nuriddinov da Özbəkistanın tarixini əks etdirən kitabları nazirin birinci müavininə təqdim edib.

Mission News Theme by Compete Themes.