Press "Enter" to skip to content

Üçtərəfli Soçi görüşü: ilkin qənaətlər – BƏYANAT

Üçtərəfli görüşdən görüntü

Son yeniləmə: 27 Noyabr 2021 01:08

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Soçidə üçtərəfli görüş keçirilib.

Görüşlə bağlı artıq təhlil etmək üçün məlumatlar yayıldığı üçün bəzi ilkin qənaətlərimizi bölüşə bilərik.

Hər şeydən öncə Prezident İ.Əliyevin görüşlərin mətbuata açıq hissəsində (istər V.Putinlə ikitərəfli görüşdə, istərsə də N.Paşinyanın iştirakıyla üçtərəfli görüşdə – red) səsləndirdiyi fikirlərin üzərində dayanaq:

-Ölkə başçısı çıxışında münasibətlərin tənzimlənməsində Rusiyanın roluna toxunaraq yüksək dəyərləndirdiyini deyib;
-Prezident qeyd edib ki, Azərbaycan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların bərpası istiqamətində mümkün qədər konstruktiv davranıb;
-İ.Əliyev əlavə edib ki, fəsadların aradan qaldırılması və kommunikasiyaların açılması yönündə hələ də həllini gözləyən məsələlər qalır;
-Azərbaycan Prezidenti ayrıca vurğulayıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əksini tapmış digər məsələlər icra olunub.

Əlavə edək ki, Azərbaycan dəfələrlə rəsmi şəkildə Ermənistanla sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Qarşıdurmaya son qoymaq, qarşılıqlı şəkildə ərazi bütövlüyünü və suverenliyi tanımaq da Azərbaycanın qətiyyətlə üzərində durduğu məsələlərdir. Ümumiyyətlə isə Azərbaycan dinc qonşu kimi yaşamağı təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edir.

Prezident İ.Əliyevin üzərində durduğu digər məsələlər də eyni dərəcədə önəmlidir:

-Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə hər hansı ciddi problem yaşanmayıb. Xırda problemlər yaşanıb ki, onlar da sistem xarakterli deyil;
-Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar risklərə nəzarət, onları azaltmaq və yekun sülh sazişi üzərində işləməklə bağlı məsələlərin həm də üçtərəfli formatda müzakirəsini zəruri edir.

Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşündə İ.Əliyevin ölkələr arasındakı münasibətlərlə bağlı səsləndirdiyi fikirlər də yetərincə önəmlidir. Yeri gəlmişkən, V.Putin də Azərbaycanla münasibətlər baxımından oldquca yüksək fikirlər səsləndirib. Beləliklə, İ.Əliyevin çıxışında səsləndirdiyi fikirlərin bəzi istiqamətləri:

-Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır;
-İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir;
-Tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır;
-İqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin inkişaf səviyyəsi, mövcud statistika müsbətdir;
-İki ölkə arasında ticarət dövriyyəsi yüksəlir, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var;
-Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər istiqamətlərini əhatə edən 7 yol xəritəsi icra olunur;
-Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb, 15 minə yaxın azərbaycanlı gənc bu şəraitdən yararlanır;
-Rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin dinamikası yüksəkdir, təkcə son bir həftə ərzində Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və Rosekzimbankın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib.

Göründüyü kimi, Azərbaycan və Rusiya arasındakı münasibətlərin bütün istiqamətlər üzrə dinamikası prezidentlərin mətbuata açıq bir neçə dəqiqəlik görüşündə dilə gətirilib. Yəni daha uzun və mediaya açıq görüş olardısa, burada daha artıq bənzər faktların dilə gətiriləcəyi şübhəsizdir. Çünki iki ölkə arasındakı münasibətlərin dinamikası olduqca zəngindir.

Qeyd olunan fikirlərdən çıxış edərək belə qənaətə gəlmək olar ki, üçtərəfli Soçi görüşü həm də Azərbaycan-Rusiya münasibətlərinə işıq tutmaq baxımından diqqətəlayiqdir. Bu münasibətlər isə iki ölkə arasında münasibətləri gərginləşdirmək istəyən üçüncü tərəflərə münbit şəraitin olmamasından xəbər verir. Əlbəttə, münasibətlərin belə davam etməsi Azərbaycanla bərabər Rusiyanın özü üçün də olduqca gərəklidir.

Daha bir önəmli məqam. Rusiya Prezidentinin Azərbaycan Prezidentini şəxsən qarşılaması zamanı sərgilədiyi səmimiyyət, tərəflərin diqqət çəkəcək qədər məmnun görüntüsü də gözdən yayınmayıb. Bu səmimiyyət prezidentlərin ikili görüşməsində də diqqət çəkib.

Üçlü görüşmədə isə Ermənistan Baş nazirinin gərgin-sıxıntılı vəziyyəti medianın diqqətini çəkib. Bir daha bəlli olub ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən bu görüşdə tərəflər olaraq Azərbaycan və Ermənistanın gerçək durumu ölkə təmsilçilərinin davranış və ovqatında da özünü göstərib. Bu da təbiidir. Çünki İ.Əliyev yetərincə təcrübəli, təmkinli və uzaqgörən liderdir. N.Paşinyansa ondan fərqli olaraq öz siyasi karyerasının və siyasi təcrübəsinin hələ başlanğıcındadır…

Tərəflərin qəbul etdiyi bəyanat
Mission News Theme by Compete Themes.