Bayraqdar.info – Qardaş Türkiyənin Azərbaycanda da yaxşı tanınan KARSAN avtobus istehsalçısı diqqətə dəyər qlobal uğura imza atıb. Qurumun yaydığı xəbərə görə, ABŞ-ın dünyaca məşhur Miçiqan Dövlət Universiteti öz düşərgəsində istifadə etmək üçün KARSAN-ın avtobuslarına üstünlük verib.
Lakin xəbərin əsas məğzu bu deyil. Əsas odur ki, KARSAN-ın bu avtobusları sürücüsüz fəaliyyət göstərir. Böyük bir ərazisi olan universitet düşərgəsində hərəkət edəcək avtobuslar tələbə və müəllimlərin, qonaqların daşınması üçün istifadə ediləcək.
KARSAN qeyd edir ki, e-ATAK adlı bu nəqliyyat vasitəsi şirkətin Amerika və Avropa yollarının tələblərinə cavab verən 4-cü dərəcəli özü idarə edilən ilk avtobusudur. Şirkət ABŞ-ın aparıcı universitetlərindən birinin məhz belə seçim etməsini yüksək uğur kimi qəbul edir.
KARSAN-ın baş direktoru Okan Baş qeyd edib ki, “bu, bizim başqalarından bir addım öndə olmağımızın göstəricisidir”. O, rəhbərlik etdiyi şirkətin məhsullarına Miçiqan Dövlət Universiteti kimi bir qurumun üstünlük verməsindən qürur duyduqlarını deyib.