Bayraqdar.info – Noyabrın 26-da Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev “ASAN xidmət” olub. Burada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə səfir Kayrat Osmonaliyev arasında görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, qonağı salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Görüş zamanı qonağa, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, elektron hökumətin inkişafı, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər, “ABAD” publik hüquqi şəxsin nailiyyətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu günədək 48 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
“ASAN xidmət” konsepsiyasının unikal bir model olduğunu qeyd edən səfir bu təcrübənin Qırğızıstanda tətbiqində maraqlı olduqlarını və bu istiqamətdə Dövlət Agentliyi ilə Qırğızıstan Respublikaslnın müvafiq dövlət orqanları ilə gələcək əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Həmçinin səfir Dövlət Agentliyi tərəfindən təşkil olunan beynəlxalq təlimlərlə də maraq göstərib və gələcəkdə Qırğızıstan Respublikasının dövlət qulluqçularının bu təlimlərə cəlb edilməsi üçün çalışacağını bildirib.
Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.