Press "Enter" to skip to content

İstanbulun Baş prokuroru Füzulidə və Şuşada

İstanbulun Baş prokuroru Füzulidə və Şuşada

Son yeniləmə: 26 Noyabr 2021 15:20

Bayraqdar.info – Xəbər verildiyi kimi, Türkiyənin İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Noyabrın 24-də nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonuna səfər edib.

Bu barədə məlumat bayraqdar.info-ya Baş Prokurorluqdan daxil olub.

Məlumtda bildirilir ki, qonaqlar öncə İkinci Qarabağ müharibəsində qələbənin rəmzi hesab edilən Zəfər Yolu ilə tanış olublar. Türk şirkətlərinin də inşasında yaxından iştirak etdiyi yolun strateji əhəmiyyəti barədə qonaqlara məlumat verilib.

Daha sonra, nümayəndə heyəti “Qarabağın hava qapısı” hesab olunan Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olublar. Qonaqlara bütün müasir tələblərə cavab verən aeroportda yaradılmış şərait barədə geniş məlumat verilib.

“Qonaqlar həmçinin, Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə də tanış ediliblər. “Böyük Qayıdış”a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması diqqətə çatdırılıb.

“İşğala qədər Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə ermənilərin yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıtdıqları, salamat tikili saxlamadıqları qeyd edilib. Qonaqlar yol boyu düşmənin viran qoyduğu məkanların, insanlığı dəhşətə gətirən erməni vandalizminin şahidi olublar.

“Daha sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib.

“Qonaqlara Şuşa şəhərində dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Onlara qorunub saxlanmış, erməni vandalizminin vəhşi xislətinin daha bir sübutu olan görkəmli sənət xadimləri – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini, Vaqifin məqbərəsini, həmçinin tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət ediblər”, – deyə məlumatda qeyd edilib.

O da bildirilib ki, iki qardaş ölkə üçün mühüm tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalandığı ərazidə olublar.

Cıdır düzünü ziyarət edən qonaqlara heyrətamiz mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, çövkən oyunları, Novruz və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib.

İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri davam edir.

Mission News Theme by Compete Themes.