Press "Enter" to skip to content

Bütöv Azərbaycan Ocaqları da Devlet Bahçelinin xəritəsinə etiraz etdi

Sözügedən xəritə

Bayraqdar.info – Xəbər verildiyi kimi, noyabrın 17-də Milliyyətçi Hərəkat Partiyasının başqanı Devlet Bahçeli Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana türk dünyası xəritəsi hədiyyə etmişdi. Bu xəritə həm türk dünyasında, həm də ondan kənarda ciddi müzakirələrə səbəb olub. Eyni zamanda Güney Azərbaycanla bağlı qurumlar xəritənin qüsurlu olduğunu qeyd edir.

Bayraqdar.info-nun da xəbər verdiyi kimi, noyabrın 24-də 9 Güney Azərbaycan siyasi qurumu məsələylə bağlı qeydlərini açıqlamışdı.

Güney Azərbaycandan türk dünyası xəritəsi ilə bağlı bəyanat

Noyabrın 26-da isə Bütöv Azərbaycan Ocaqları məsələyə münasibət bildirib. Qurumdan bayraqdar.info-ya daxil olan bəyanat məhz bununla bağlıdır. Önəmini nəzərə alaraq bəyanatın tam mətnini təqdim edirik.

Bütöv Azərbaycan Ocaqlarının BƏYANATI

Bu günlərdə Türkiyə Milliyyətçi Hərəkət Partiyası başqanı, hörmətli Devlet Bahçelinin Türkiyə Cümhurbaşqanlığında hörmətli Recep Tayyip Erdoğana bağışladığı türk dünyası xəritəsi dünya mətbuatında, özəlliklə, Türk Cümhuriyyətlərində və türklər yaşayan başqa bölgələrdə geniş müzakirə və coşquya səbəb olmuşdur.

Özəlliklə, Türk Dövlətləri Təşkilatının İstanbul zirvə görüşündən sonra baş vermiş bu hadisə dünya mediasında özəl bir mesaj kimi dəyərləndirilmiş, bütün dünyadakı müstəqil və müstəqil olmayan türkəri coşdurmuş, türk düşmənlərini də çox narahat etmişdir.

Bu xəritədə müstəqil türk dövlətləriylə yanaşı, özgür olmayan türk bölgələri və daha çox türklər yaşayan şəhərlərin yer alması Azərbaycanın Güneyində, bu gün İran adlanan ölkədə yaşayan soydaşlarımız tərəfindən də sevinc və coşquyla qarşılanmış, onlarda bütöv və özgür türk dünyasının gələcəyinə böyük ümidlər doğurmuşdur.

Qeyd etməliyik ki, keçən il Türkiyə və Azərbaycan dövlətlərinin birgə əməkdaşlığı fonunda baş vermiş Qarabağ Zəfərinin də türk dünyasının birlik və bütövlüyünə olan ümidlərin yaranmasında ayrıca yeri və önəmi vardır.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, qurulmaqda olan türk dünyasının gələcək konturlarını bütün dünyaya elan edən hörmətli R.T.Erdoğan və D.Bahçeliyə öz minnətdarlığımızı bildirməklə yanaşı, bu xəritədə özünü göstərən bir anlaşılmazlıq haqqında narahatlığımızı dilə gətirmək istərdik.

Tarixdən və bizim tərtib etdiyimiz xəritədən bəlli olduğu kimi, Azərbaycanın Güneyinin sərhədləri Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının sınırlarından başlayaraq Tehran və Həmədan şəhərinə qədərki bütün əraziləri əhatə edir. Təəssüf ki, sayın D.Bahçelinin sayın R.T.Erdoğana hədiyyə etdiyi xəritədə Azərbaycanın Güneyinin coğrafiyasına yalnız Zəncana qədərki ərazilər daxil edilmiş, Qəzvin, Savə, Tehran, Kərəc, Həmədan və s. tarixi türk bölgələri kənarda qalmışdır. Halbuki, bu gün İran adlanan ölkənin coğrafiyasına bələd olan hər kəs bilir ki, adları çəkilən şəhər və bölgələrdə yaşayan əhalinin çoxu türklərdir və onlar, bütün rəsmi qadağalara baxmayaraq, öz ana dillərində – Azərbaycan türkcəsində danışırlar. Təkcə onu demək kifayətdir ki, hazırda İİR-in başkəndi olan Tehran şəhərində ən azı 8-9 milyon soydaşımız yaşamaqdadır.

Biz, BAO olaraq, həmin xəritədə yer alan bu anlaşılmazlığa hər iki böyük dövlət adamının diqqətini çəkmək və gələcək fəaliyyətlərində bu kimi məsələlərdə xüsusilə həssas olmalarını bir daha vurğulamaq istəyirik.

Mission News Theme by Compete Themes.