Son yeniləmə: 26 Noyabr 2021 13:12
Bayraqdar.info – Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu növbəti – üçüncü panel iclasla öz işini davam etdirib. “Nizami Gəncəvi: müasir dünyaya baxış” mövzusuna həsr olunan panelə Tbilisi Dövlət Universitetinin əməkdaşı İrma Ratiani moderatorluq edib.
Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Ərdahan Universitetinin (Türkiyə) əməkdaşı Ömer Küçükmehmetoğlu “Nizami Gəncəvi haqqında Türkiyədə yazılan dissertasiya işləri” mövzusunda məruzə edib. O, XX yüzillikdən bəri Türkiyədə dahi Azərbaycan şairinin irsi ilə bağlı elmi tədqiqat işləri aparıldığı, monoqrafiya və kitabların yazıldığını deyib.
“Nizami Gəncəvi və qlobal düşüncə üsulunun yaranması” mövzusunda çıxış edən Rusiya Prezidenti yanında Milli İqtisadiyyat və Dövlət İdarəçilik Akademiyasının professoru Nizami Məmmədov diqqətə çatdırıb ki, Nizami yaradıcılığı əvvəlcə Orta Şərq, sonradan isə Avropa xalqlarının ədəbiyyatına təsir edib. Nizaminin Avropaya təsiri XVII əsrdən başlayır. Nizami öz idealları ilə İslam dünyasını birləşdirib. Onun ideallarında gələcəyə istiqamətlənən sətiraltı mənalar çoxdur.
“İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) Baş katibi, professor Mahmut Erol Kılıç “Nizami simvolları müasir insanlara nə deyər?” mövzusu üzrə çıxışında qeyd edib ki, biz yenidən Nizami Gəncəvilər yetişdirmək haqqında düşünməliyik. Çünki insanlar Nizami Gəncəvi dəyərlərini bilsə, tolerant bir cəmiyyət qurar”, – deyə məlumatda qeyd edilir.