Bayraqdar.info – “Azərkitab” kitab təbliğatı mərkəzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, rəssam Tünzalə Ağabalayevanın “Həyatın rəngləri” adlı yaradıcılıq sərgisinin açılışı olub.
Tədbiri giriş söz ilə açan layihə rəhbəri Elnurə İsgəndərova həm sərgi, həm də gənc rəssam haqqında geniş məlumat verib. Bildirilib ki, sərgidə rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi 30 əsəri nümayiş olunub.
Bayraqdar.info-nun xəbərinə görə, sonra Rəssamlıq Akademiyasının müəllimi Elşən Quliyev, Akademiyanın dosenti Telman Abbasov, türkiyəli rəssam Ahmet Naim Pir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sabir Əhədov, “GALERA” Sənət Mərkəzinin direktoru, rəssam Mansur Əsgərli və digərləri çıxış ediblər. Çıxışçılar rəssamın yaradıcılığı və sərgi haqqında təəssüratlarını bölüşüblər.
Tədbirdə çıxış edən T.Ağabalayeva sərgisinin təşkilində xüsusi dəstəyinə və fəal iştiraklarına görə Elnurə və Aygün İsgəndərovalara, həmçinin “Azərkitab” mərkəzinə minətdarlıq edib. T. Ağabalayeva çıxışında onun rəssam kimi yetişməsində əvəzsiz rol oynayan müəllimlərinə və sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Tədbirin sonunda T.Ağabalayeva “Azərkitab” mərkəzi tərəfindən diplomla təltif olunub.
Qeyd edək ki, sərgi 3 gün davam edəcək.