Son yeniləmə: 26 Noyabr 2021 16:09
Bayraqdar.info – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan hökuməti arasında Tərəfdaşlıq Proqramı (FATP) Sazişi üzrə layihələrin icrası uğurla davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin iştirakı ilə Türkiyədə təlim səfəri başlayıb. Səfərdə Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri, Aqrar İnkişaf Könüllüləri təşkilatının rəhbəri, həmçinin layihənin benefisiar fermerləri də iştirak edir.
Bu məlumat bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyindən verilib.
Səfərin məqsədi kəndli fermer qadınları və aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün “Qadınların iqtisadi güclərinin artırılması” (WEP) layihəsidir. Eləcə də, AMAL layihələri çərçivəsində gənclərin və qadınların məşğulluğunun, torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasında innovativ metodlar, startap və sahibkarlığa texniki dəstəklə bağlı həyata keçirilən ən yaxşı təcrübələrlə yerində tanış olmaqdır.
“Səfərin ilk günündə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı İslahatlar baş idarəsinin müdir müavini Osman Yıldız, Nazirliyin Təlim və Təbliğat şöbəsinin müdiri Mehmet Ergünlə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Türkiyədə innovativ layihələr, aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə məhsuldarlığın yüksəldilməsi və əməkdaşlıq imkanları müzakirə edilib. Aqrar Kredit və İnkişaf Agentliyinın sədr müavini Leyla Məmmədova Agentliyin fəaliyyət istiqamətləri və icra edilən layihələrdən bəhs edib.
“FATP-ın meneceri Namiq Məmmədov Proqram çərçivəsində icra olunan layihələr barədə məlumat verib. Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətlərindən danışıblar. Onlar ucqar kənd və qəsəbələrdə yaşayan qadınların kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarının artırılması üzrə benefisiarı olduqları layihələr və dövlətin bu sahədə göstərdiyi dəstək tədbirləri barədə təqdimatla çıxış ediblər”, – deyə məlumatda bildirilir.