Son yeniləmə: 25 Noyabr 2021 16:10
Bayraqdar.info – Noyabrın 25-də Xəzər dənizinin Azərbaycan sektorunda naviqasiyanın təhlükəsizliyinin təmin edilməsinə dair görüş keçirilib. Görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), SOCAR, Dövlət Dəniz və Liman Agentliyi, Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya İdarəsi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri iştirak edib.
Məlumat noyabrın 25-də bayraqdar.info-ya ASCO-dan verilib.
Görüş ASCO-nun təşəbbüsü ilə baş tutub. Görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə istismarı başa çatmış dəniz özülləri, estekadalar və digər metal konstruksiyaların dəniz dibindən kəsilərək çıxarılması məsələsi müzakirə edilib. Bununla əlaqədar dəniz xəritələrinin yenidən nəşri, Hidroqrafiya İdarəsi tərəfindən Azərbaycan bayrağı altında üzən gəmilər üçün Xəzərin elektron xəritəsinin yenilənməsi, Azərbaycanda qeydiyyatdan keçmiş limanların dəniz akvatoriyası barədə fikirlər dinlənilib. Gəmilərin yanalma körpülərinin yeni nəşr xəritələrində göstərilməsi də söhbətdə qeyd edilib.
“Müzakirələrin nəticəsində qərara gəlinib ki, SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda gördüyü işlər (özüllərin tikintisi, təmiri itismarı başa çatmış özüllərin sökülməsi, sualtı boru xətlərinin çəkilməsi-sökülməsi və s) barədə HDQ Hidroqrafiya İdarəsinə, Dövlət Dəniz və Liman Agentliyinə məlumat verəcək.
“HDQ-nin Hidroqrafiya İdarəsi ilk növbədə Səngəçalda (N.Nərimanov NQÇİ) SOCAR tərəfindən görülmüş işlərə müvafiq olaraq dəniz xəritələrinin yenilənməsini təmin edəcək. Xəzər dənizinin elektron xəritələrinin müvafiq standart və tələblərə uyğunlaşdırılmasını, limanların dəniz akvatoriyası və gəmilərin yanalma körpülərinin yeni nəşr xəritələrində göstərilməsini, naviqasiya ədəbiyyatlarının korrektəsini edəcək.
“Bundan başqa, gəmi heyəti dənizdə xəritələrdə göstərilməyən uyğunsuzluq aşkar etdikdə (hər hansı üzən obyekt, dərinliklərin dəyişdirilməsi və s.) ASCO-ya məlumat verməli, öz növbəsində ASCO həmin məlumatların Hidroqrafiya İdarəsinə ötürülməsini təmin etməlidir.
“Görüşdə sözügedən işlərin icrasına nəzarət məqsədilə aidiyyatı qurumların əməkdaşlarından ibarət komissiyanın yaradılması və komissiya üzvlərinin ayda bir dəfə toplanması barədə razılığa da gəlinib”, – deyə məlumatda qeyd edilir.