Press "Enter" to skip to content

Telman Nüsrətoğlu: İmperialistlər Türkiyəyə qarşı bütün istiqamətlərdə savaş aparır

Telman Nüsrətoğlu

Son yeniləmə: 25 Noyabr 2021 19:21

Bayraqdar.info – “İmperialist güclər Türkiyəni hər zaman öz təsir dairələrində saxlamağa çalışıblar. Bunun üçün zaman-zaman Türkiyə üzərində çeşidli oyunlar oynanılıb, senarilər həyata keçirilib”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.

Dövrümüzdə güc və nüfuz savaşları hibrid müharibələr vasitəsilə aparılır

Türkiyədə yaşanan son olayları dəyərləndirən müsahibimiz bildirib ki, insanlıq yeni bir dünya nizamının sancılarını yaşayarkən, geosiyasi mübarizələr şiddətlənərkən dünyada hakimiyyət və təsir dairəsi uğrunda mübarizələrin xarakteri də dəyişir: “Belə ki, dövrümüzdə bu güc və nüfuz savaşı hibrid, assimetrik müharibələr vasitəsilə aparılır”.

“Bilirik ki, Türkiyə tarixi missiyası, təmsil etdiyi dəyərlər etibarı ilə Yaxın Şərqdən Türküstana qədər çox geniş coğrafiyalara təsir etmək gücünə sahib olan bir ölkədir. Ona görə imperialist qüvvələr Türkiyəni necə deyərlər, daima öz limanlarında dəmirləmək üçün, öz maraqlarına uyğun, addım atan bir Türkiyə dizayn etmək üçün gecə-gündüz yeni oyunlar, yeni təxribatlar düşünürlər. Yəni, bu güclər Türkiyəni hər zaman öz nəzarətlərində saxlamağa çalışıblar və bu gün də eyni siyasəti həyata keçirirlər”.

İmperialist güclər güclü bir Türkiyəni istəmirlər

Bildirilib ki, əgər əsrin əvvəllərində hərbi doktrinlərlə ittifaq içərisində Türkiyəni durdurmaq üçün yola çıxmışdılarsa, bu gün həmin imperialist güclərin davamçıları Türkiyəni dayandırmaq üçün xüsusilə çox fərqli bir siyasət aparırlar: “2013-cü ildən etibarən Gəzi hadisələri, MİT böhranı, şəhərlərdə ard-arda törədilən terror aksiyaları, 15 iyun çevriliş cəhdi məhz bu siyasətin bəndləridir. Bütün bunlar baş tutmadı və Türkiyə bu təxribatların, həmçinin dövlət çevrilişinə cəhdin qarşısını aldı. Eyni zamanda “Firat qalxanı”, “Zeytun dalı” kimi genişmiqyaslı antiterror əməliyyatları həyata keçirdi. Bu əməliyyatlarla imperialist güclərin terror karidoru formalaşdırmaq planını da alt-üst etdi. Həmin güclər bu dəfə də Aralıq dənizindən həmlə edərək, Türkiyəni mühasirəyə almaq istədilər, Türkiyənin maraqlarının reallaşmasının qarşısını almağa çalışdılar. Bir daha bununla sübut olundu ki, imperialist güclər güclü bir Türkiyəni istəmirlər. İndi isə baxırlar ki, bütün bu elədiklərinə rəğmən Türkiyə hərbi sənayesi ilə, ordusu ilə dim dik ayaqdadı, Türkiyəni yolundan döndərmək üçün daha fərqli bir siyasət həyata keçirirlər”.

Bu da bir iqtisadi savaşdır

T.Nüsrətoğlunun sözlərinə görə, Türkiyənin ən həssas tərəfi olan iqtisadi amilləri ön plana çıxararaq, Türkiyənin iqtisadiyyatına zərbə vuraraq, dolların kursunu süni şəkildə yüksəldərək Türkiyəni ram etmək istəyilər: “Bu da bir iqtisadi savaşdır. Əlbəttə ki, hər bir ölkənin daxilində müəyyən qüsurlar, problemlər olur. Amma bu yaşanan son hadisələr bütün bu daxili problemlərin üstündə Türkiyənin hədəfə alınması hadisəsidir. ABŞ Prezidenti Cozef Bayden çıxışlarının birində nə olursa olsun Recep Tayyib Erdoğanı devirmək üçün, hakimiyyətdən salmaq üçün müxalifəti dəstəkləyəcəklərini bəyan etmişdi. Dolayısı ilə Amerikanın FETÖ terror təşkilatına, PPK/YPG-yə dəstəyi də hər kəsə məlumdur”.

Vurğulanıb ki, imperialist güclər Türkiyəyə qarşı bütün istiqamətlərdə bir savaş aparırlar: “Bu çoxşaxəli müharibənin bir hissəsi də iqtisadi məsələdir ki, son günlər özünü daha qabarıq şəkildə büruzə verir. Məncə Türkiyə bunun da öhdəsindən gələcək. Daha güclü bir Türkiyə olaraq bu savaşdan da qalib ayrılacaq”.

Türkiyənin güclü olması bütün türk dünyasına lazımdır

Müsahibimiz sonda onu da bildirib ki, Türkiyənin güclü olması bütün türk dünyasına lazımdır: “Türkiyə zəifləyərsə bizim də maraqlarımız təhlükə altına düşmüş olar. O mənada Türkiyəyə qarşı aparılan bu mübarizənin fərqində olmalı və biz də milli reflekslərimizi canlı tutmalıyıq. Hər zaman oynanan oyunların fərqində olmalıyıq və hər şəkli ilə Türkiyəyə, R.T.Erdoğana dəstək olmalıyıq”

Mission News Theme by Compete Themes.