Press "Enter" to skip to content

Şamaxı və İsmayıllı fermerləri məlumatlandırıldı

Fermerlərlə görüş

Son yeniləmə: 25 Noyabr 2021 12:18

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb. Bu istiqamətdə ilk görüşlər Şamaxı və İsmayıllı rayonlarında keçirilib.

Bu barədə bayraqdar.info-ya noyabrın 25-də Nazirlikdən məlumat verilib.

“Görüşlərdə çıxış edən Nazirliyin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, həmçinin əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rola sahibdir. Şamaxı və İsmayıllı rayonlarında hər il 70 min hektardan artıq sahədə payızlıq əkin aparılır. Payızlıq əkinlər dövlət tərəfindən subsidiyalaşdırılır, taxıl əkininə görə bu rayonlarda təxminən 10 min nəfərə yaxın fermerə əkin subsidiyası ödənilir. 2020-ci ildən subsidiyaların ödənilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Dövlətin payızlıq əkinlərə dəstək mexanizmindən yararlanmaq üçün fermerlər hansı məhsulu əkdiyini EKTİS-də vaxtında bəyan etməlidirlər”, – məlumatda belə deyilir.

Görüşdə bildirilib ki, payızlıq əkinlərin bəyanına sentyabrın 1-dən başlanılıb. Bəyan prosesi üçün 4 ay vaxt ayrılıb və fermerlər öz əkinlərini dekabrın sonlarına kimi bəyan edə bilərlər. Fermerlərin öz əkin məlumatlarını EKTİS-də tez bəyan etməsi monitorinqlərin sürətli və operativ təşkilinə, eyni zamanda əkin subsidiyasının ilin ilk aylarında ödənilməsinə imkan yaradır. Reqlamentə əsasən, yanvar-mart aylarında EKTİS-ə daxil edilmiş əkin bəyanlarının monitorinqi aparılır, fevral-aprel aylarında payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi həyata keçirilir. Fermer öz əkin məlumatlarını EKTİS-də nə qədər tez bəyan etsə, ilin əvvəlində bir o qədər tez əkin subsidiyası almaq imkanı qazanır.

Nazirliyin nümayəndə heyətinin payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı məlumatlandırma sessiyası Azərbaycanın əksər taxılçılıq rayonlarını əhatə edəcək. Bu istiqamətdə növbəti görüşlərin Göyçay, Ağdaş və Ağsu rayonlarında keçirilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.