Press "Enter" to skip to content

Miklos Sarkozi: Macarıstanda Osmanlı dövrünə aid Nizami əlyazmaları qorunur

“Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”

Son yeniləmə: 25 Noyabr 2021 14:40

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Nizami Gəncəvi Beynəlxalq Forumunun noyabrın 24-də gerçəkləşən ikinci panel iclası “Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzusunda davam edib.

Məlumat bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Tədbirdə iştirak edən Pakistan Milli Akademiyası Folklor və Maddi Mədəni İrs İnstitutunun professoru Talha Ali Kushavaha çıxış edib. O, diqqətə çatdırıb ki, Cəlaləddin Rumi və Nizami yaradıcılığı ölkəsində ən çox müraciət edilən mövzudur. Uzun müddət Pakistanda fars dili üstünlük təşkil etdiyi üçün Nizami yaradıcılığı geniş yayılaraq qavranılıb: “Biz istərdik ki, müasir gənclik də Nizami ideyalarını öyrənsin və gələcəyə ötürsün”, – deyə pakistanlı professor bildirib.

Digər çıxışçı Macarıstanın Karoli Gaspar Universitetinin professoru Miklos Sarkozi ölkəsində Nizami ilə bağlı tədqiqatlardan söz açıb. O bildirib ki, Nizami irsinin tədqiqinin Macarıstanda beş əsrlik tarixi var. Macarıstan 150 il Osmanlı imperiyasının tərkibində olduğundan həmin dövrdə Nizami Gəncəvi geniş təbliğ olunub. Hazırda Macarıstan Milli Elmlər Akademiyasında Osmanlı dövrünə aid Nizami əlyazmaları qorunur. Bu əlyazmanın əsas nüsxəsi “Xəmsə”nin xülasə formasıdır.

Məlumatda bildirilir ki, Professor qeyd edib ki, Macarıstanın tanınmış alimləri A.Vambery, V.Bacher, S.Kegi və başqaları Nizami yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar müəllifi kimi tanınırlar. S.Kegi 1980-ci illərdə Azərbaycana səfər edib və Bakı şəhəri və Nizami Gəncəvi haqqında kitab yazıb. O öz əsərlərində dəfələrlə Nizaminin Azərbaycan şairi olduğunu diqqətə çatdırıb.

Məruzələrdən sonra mütəxəssislər iştirakçıları maraqlandıran sualları cavablandırdılar.

Qeyd edək ki, “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusuna həsr olunan beynəlxalq forum noyabrın 26-dək müxtəlif tədbir, konfrans və təqdimatlarla davam edəcək.

Mission News Theme by Compete Themes.