Press "Enter" to skip to content

Hulusi Kılıç: Türkiyənin uğurları bəzi Qərb ölkələrini narahat edir

Hulusi Kılıç

Son yeniləmə: 25 Noyabr 2021 13:47

Bayraqdar.info – “Son dönəmlər Türkiyə regional və qlobal bir güc olub. Bunu qəbul etmək lazımdı”.

Bu sözləri Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç deyib.

Türkiyənin regional və qlobal güc kimi əldə etdiyi uğurlar

Türkiyədə cərəyan edən son hadisələri dəyərləndirən müsahibimiz öncə Türkiyənin regional və qlobal güc kimi əldə etdiyi uğurlara nəzər salıb: “Bir tərəfdə Liviyada sülhün əldə edilməsinə dəstək verən Türkiyə digər yandan Doğu Ağdənizdə Kıbrıs türkünün maraqlarını müdafiə edir. Bir tərəfdə Suriyada vətəndaş müharibəsinə son qoyulması üçün çaba göstərən Türkiyə, digər tərəfdən Şimali İraqda PKK ilə mübarizə aparır. Xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı ilk andan qardaş ölkənin yanında olan, Azərbaycana siyasi, diplomatik və informasiya dəstəyi göstərən Türkiyə hazırda Qafqaz regionunda əbədi sülhün və inkişafın təmini üçün gecə-gündüz səylə çalışır. Həmçinin G-20 daxilində iqtisadi gücünə görə 17-ci sırada qərarlaşan Türkiyə bu gün müdafiə sənayəsində əldə etdiyi uğurlarla beynəlxalq aləmin diqqət mərkəzindədir”.

Keçmiş səfir deyib ki, Türkiyənin uğurları bəzi Qərb ölkələrini narahat edir: “Həmin ölkələr, Türkiyənin müstəqil siyasət yürüdən bir dövlət olmasını qəbul etməyən xarici güclər müxtəlif yollara baş vururlar. Məqsəd də Türkiyəni dayandırmaqdır. Bu yollardan biri də iqtisadi-maliyyə sahəsində oynanılan oyunlardır. Yəni dolların son günlər lirəyə nisbətən dəyərinin artmasının arxasında da məhz bu oyunlar dayanır. Bu oyunu quranlar Türkiyənin iqtisadiyyatına mənfi təsirlər göstərmək, iqtisadi baxımdan geri atmaq üçün çalışırlar. Yəni dolların qiymətinin artması Türkiyə iqtisadiyyatına mənfi təsir göstərir”.

Türkiyəni durdurmaq üçün dollar oyunu

H.Kılıçın sözlərinə görə Türkiyəni durdurmaq, müstəqil siyasətindən vaz keçirmək istəyənlərin dollar oyunu ölkədə sadə vətəndaşa da mənfi təsir göstərir: “Çünki qiymət artımı bütün sahələri, o cümlədən ərzaq məhsullarını da əhatə edir. Təbii ki, bu öz növbəsində eyni zamanda sadə vətəndaşların həyatına da mənfi təsir göstərir”.

Qeyd olunub ki, bu günə kimi bütün problemlərin öhdəsindən gələn Türkiyə vətəndaş-dövlət birliyi ilə bu problemə də sinə gərəcək: “Eyni zamanda demək istəyirəm ki, bu cür hadisələr kimin kim olduğunu ortaya qoyur. Bu baxımdan xarici güclərin dollar oyunu fonunda Türkiyənin həm xarici, həm də daxili düşmənləri özlərini bəlli etdilər. Dolların bahalaşmasından öz məqsədləri üçün istifadəyə qalxan xarici güclərin nə istədikləri bəllidir. Daxildəkilərə gəlincə görünən odur ki, belələri üçün dövlət, vətən marağı deyil, şəxsi maraqları, həmçinin siyasi maraqları əsasdır”.

Bildirilib ki, dollarla bağlı cərəyan edən bəzi arzuolunmaz olaylar, noyabrın 23-də gecə küçələrdə baş verənlər də sıradan bir məsələ deyil: “O mənada ki, bu olayların da xaricdən idarə edildiyinə, məqsədin də müstəqil siyasət yeridən Türkiyə Cümhuriyyəti dövlətinə təzyiq etmək olduğuna kimsə şübhə etmir. Təbii ki, bütün qaranlıq hadisələrə işıq salındığı kimi, bu olayların da arxasında hansı güclərin dayandığı tez bir zamanda aşkar ediləcək”.

Türkiyə bu çətinliyin də öhdəsindən gələcək

“Bu günə kimi bütün problemlərin həllinə el birliyi ilə nail olan Türkiyə bu çətinliyindən öhdəsindən gələcək. Buna kimsənin şübhəsi olmasın. Son olaylar da bir daha göstərdi ki, türk milləti güclüdür və türk milləti öz dövlətinin yanındadır. İnşallah bu problemin də öhdəsindən gələcəyik” , – deyə H. Kılıç sonda əlavə edib

Mission News Theme by Compete Themes.