Press "Enter" to skip to content

Hacı Zeynalabdin Tağıyevin yubileyi UNESCO-da

Hacı Zeynalabdin Tağıyev

Son yeniləmə: 25 Noyabr 2021 15:29

Bayraqdar.info – Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirov və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib.

Bu barədə Mədəniyyət Nazirliyinin məlumatında qeyd edilir.

“Noyabrın 9-dan 24-nə kimi Parisdə UNESCO-nun 41-ci Baş Konfransı keçirilib. Konfransda Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H.Z.Tağıyevin (1823–1924) anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun (1922–1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb. Bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.

“Azərbaycanın dahi şəxsiyyətləri və ölkənin tarixi-mədəni irsi il bağlı əlamətdar hadisələrin UNESCO səviyyəsində qeyd edilməsi ənənəsi uzun illərdir davam edir. Bununla bağlı Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nominasiya sənədləri hazırlanır. Bu il də Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə Milli Komissiyanın birgə fəaliyyəti nəticəsində yubileylərlə bağlı müvafiq nominasiya sənədləri UNESCO-ya təqdim olunub. Baş Konfrans tərəfindən təsdiq olunmuş yubileylər siyahısında Azərbaycanın iki dahi şəxsiyyətinin adının yer alması ölkəmizin UNESCO-da və ümumilikdə beynəlxalq miqyasda nüfuzunun daha bir göstəricisidir”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu ilin noyabr ayında UNESCO səviyyəsində Azərbaycanla bağlı əlamətdar hadisələr baş verib. Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib, həmçinin, ölkə UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasına sədrlik edib. Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileylərinin UNESCO proqramına salınması da bu əlamətdar hadisələrin davamıdır.

Mission News Theme by Compete Themes.