Press "Enter" to skip to content

Güney Azərbaycandan türk dünyası xəritəsi ilə bağlı bəyanat

Sözügedən xəritə

Bayraqdar.info – Bəlli olduğu kimi, noyabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının qurulması elan edildikdən sonra – ayın 17-də Milliyyətçi Hərəkat Partiyasının başqanı Devlet Bahçeli Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla görüşərək fikir mübadiləsi aparmışdı. O, bu görüş zamanı Cümhurbaşqanına türk dünyasının xəritəsini də hədiyyə etmişdi.

D.Bahçelinin bu hədiyyəsi türk dünyasında geniş təqdir görsə də müəyyən qədər çatışmazlıqlarının olduğu da diqqətdən qaçmamışdı. Məhz bu məqamla bağlı Güney Azərbaycan siyasi qurumları noyabrın 24-də bəyanatla çıxış edib.

Bəyanatın tam mətnini “Araz News” Telegram kanalı yayıb.

Bəyanatda belə bir xəritənin hədiyyə edilməsinin təqdir gördüyü vurğulanır: “Bu jestin özəlliklə Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsindən sonra gerçəkləşməsi ayrıca bir anlam və önəm daşımışdır”.

Bəyanat müəllifləri xəritədə müstəqil türk dövlətləri ilə yanaşı müstəqilliyi olmayan türk torpaqlarının da yer almasının Güney Azərbaycan da daxil olmaqla dünyanın hər tərəfindəki türklər tərəfindən bəyənildiyini qeyd edir. Bildirilir ki, belə bir gəlişmə müstəqil olmayan türk xalqlarına əlavə güc verir. Eyni zamanda türklərə qarşı olanlar da belə bir xəritənin nümayiş etdirilməsindən rahatsız olur. O da əlavə edilir ki, xəritənin daşıdığı iddia yükü Azərbaycanın Qarabağ Zəfəri ilə özünü zatən təsdiq etmişdir.

“Fəqət oluşan bu olumlu ortamın tam olması adına Güney Azərbaycanlı qurumlar olaraq bir məsələ haqqında bilgi verməyi gərəkli görürük. O da budur ki, hər kəsə məlum olduğu üzrə, Güney Azərbaycan coğrafiyası Türkiyə və Quzey Azərbaycan sınırlarından başlayaraq Həmədana qədər olan bitişik torpaqlaradək davam edir, bölgəni ziyarət edən hər kəs bilir ki, o torpaqlarda Azərbaycan türkcəsi danışılmaqda və bölgə əhalisinin əksar çoxluğu Azərbaycan türkləridir. Lakin cızılmış xəritədə Güney Azərbaycan coğrafiyası ancaq Zəncan şəhərinə qədər göstərilmiş və Qəzvin, Sava, Həmədan və Kərəc ilə Əraq kimi türk bölgələri göstərilməmişdir. Bu durum isə Güney Azərbaycan türklərində qayğıya səbəb olmuş və çox sayda vətəndaşımız qurumlarımızla əlaqə saxlayaraq bu mövzudakı əndişələrini bildirmişlər”, – deyə bəyanatda bildirilir.

Daha sonra qeyd edilir ki, “Güney Azərbaycanlı qurumlar olaraq ümid edirik ki, dəyərli dövlət adamı Sayın Devlet Bahçeli bu xüsusu diqqətə alacaq və bu, yaxud da bundan sonrakı çalışmalarda gərəkli düzənləmələri gerçəkləşdirəcəkdir”.

“Yaşasın türk birliyi” şüarı ilə başa çatan bəyanatı ümumilikdə 9 qurum imzalayıb: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi, Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan Öyrənci Hərəkatı, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan İstiqlal Partiyası, Güney Azərbaycan Liberal Demokrat Partiyası, Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Güney Azərbaycan Demokratik Türk Birliyi.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.