Son yeniləmə: 24 Noyabr 2021 20:24
Bayraqdar.info – Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da ƏDV-dən azad edilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, indiyədək elektrik mühərriki ilə işləyən elektromobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektromobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.
Layihədə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 min 500 kub. sm-dən çox olmayan elektromobillərin idxalı və satışının, habelə, həmin avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bayraqdar.info-nun sorğusunu cavablandırıb.
Millət vəkili bildirib ki, elektrik avtomobillərinin ölkəyə gətirilməsi, eləcə də satışı 2022-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə ƏDV-dən azad ediləcək: “Burada məqsəd elektrik avtomobillərinin ölkəyə gətirilməsini stimullaşdırmaq və daha çox belə avtomobillərin gətirilməsinə nail olmaqdan ibarətdir. Xüsusən də ƏDV-nin 18 faiz olduğunu nəzərə alsaq, bu addım həmin avtomobillərin xərclərinin azalmasına səbəb olacaq. Belə bir addımın atılması müsbətdir, həmin avtomillərin idxalı və satışını təşviq etmiş olacaq. Bu avtomobillər bir tərəfdən də ekoloji baxımdan vacibdir, dünyada artıq qlobal trendlərdən birinə çevrilir. Eyni zamanda, qənaətli olduğu üçün də əlverişlidir”.
Millət vəkili qeyd edir ki, dünya bazarında benzinin də, neftin də bahalaşdığını nəzərə alsaq, üstəlik 95 marka benzinin də qiymətində artım müşahidə olunduğu bir zamanda daha az xərclə avtomobil idarə edilməsi baxımından elektrik avtomobilləri vacibdir. Son güzəştlərdən sonra gözlənilir ki, Azərbaycana idxal edilən elektrik avtomobillərinin sayında cidd artım müşahidə olunacaq.