Press "Enter" to skip to content

Daha 51 dövlət əmlakı özəlləşdirilib

Son yeniləmə: 25 Noyabr 2021 13:06

Bayraqdar.info – İqtisadiyyatda özəl bölmənin inkişafında xüsusi rolu olan özəlləşmə prosesinin sürətlənməsini təmin edən hərraclar davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 23 noyabr tarixində keçirilib. Özəlləşən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 50-si isə nəqliyyat vasitəsi olub.

Bayraqdar.info-ya noyuabrın 25-də bu barədə verilən məlkumat görə, alıcıların hərraclarda fəallığı prosesi daha da rəqabətli edib. Belə ki, bir lot şəklində hərraca çıxarılan 21 “Tofaş” markalı nəqliyyat vasitəsinin birğə ilkin start qiyməti 37 900 manat olsa da, rəqabət nəticəsində son hərrac qiyməti 63 400 manata yüksəlib.

Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi istehsal ili 2007-ci il olan “Hyundai Sonata” markalı avtomobil olub. 5 şəxsin sifarişçi kimi təklif verdiyi hərracda bu nəqliyyat vasitəsinin ilkin start qiyməti 7 000 manat olmasına baxmayaraq, 10 300 manata sahibini tapıb.

Özəlləşən kiçik dövlət müəssisəsi isə Şəki rayonunda yerləşən “Əmlak kompleksi”dir. Əmlakın ümumi faydalı sahəsi 2 min 889 kv.m, torpaq sahəsi isə 91 min 750 kv.m təşkil edir.

Qeyd edilməlidir ki, 23 noyabr hərracında özəlləşdirilmiş əmlaklardan 394 155 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu )

Məlumat üçün bildiririk ki, 30 noyabr tarixində keçiriləcək növbəti hərraca 12 kiçik dövlət müəssisəsi, 2 qeyri-yaşayış binası və 1 yarımçıq tikili çıxarılıb.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Mission News Theme by Compete Themes.