Son yeniləmə: 25 Noyabr 2021 17:43
Bayraqdar.info – Məlum olduğu kimi, noyabrın 24-də öz işinə başlayan “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” mövzusunda beynəlxalq konfrans gün ərzində davam edib.
Bu barədə Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir.
Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edərək bildirib ki, Azərbaycan uzun illər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: “Bu mənada Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi olaraq qeyd etmək istəyirəm. Fond uzun illərdir mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edir. 30 ilə yaxın torpaqlarımız işğal altında idi. Biz gördük ki, həmin ərazilər hansı vəziyyətdədir. Deməli, bu torpaqlar onlara önəmli deyildi. Lakin bir il ərzində sürətli bərpa işlərinin görülməsi, tarixi mədəni abidələrin bərpası onu göstərir ki, Azərbaycan xalqı və rəhbərliyi bu torpağa nə qədər bağlıdır”.
“BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli söyləyib ki, hər bir xalqın irsi onun gələcəyidir: “İstənilən layihələrin həyata keçirilməsinin bəzi standartları var. Ölkənin ərazisi tarixi, arxeoloji tapıntılarla zəngindir. Bunu nəzərə alaraq xüsusi prosedur işlənib hazırlanıb. İnşaat zamanı hər hansı arxeoloji tapıntılar tapılırsa, işlər müvəqqəti dayandırılır. Daha sonra Mədəniyyət Nazirliyinə məlumat verilir. Müvafiq göstəriş alındıqdan sonra işlər ya davam etdirilir, ya dayandırılır, yaxud da qazıntıların yeri dəyişdirilir. Təkcə onu demək kifayətdir ki, Şahdəniz layihəsi çərçivəsində aparılan qazıntılar zamanı 10 minə yaxın tarixi, arxeoloji nümunə üzə aşkara çıxarılıb”, – deyə xəbərdə qeyd edilib.