Press "Enter" to skip to content

Yeganə Hacıyeva: Zəngəzur dəhlizi mütləq açılacaq

Bayraqdar.info – Bəlli olduğu kimi Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə növbəti sərsəm açıqlama verib. Belə ki, o, qəti şəkildə Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə çıxış edib. N.Paşinyan öz fikrini bu cür əsaslandırır ki, üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur.

Ermənistanın Baş naziri iddia edir ki, dəhliz ifadəsi Laçından keçən yola münasibətdə işlədilmişdir. Amma o, bununla yaddan çıxarır ki, Laçın dəhlizi ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Digər tərəfdən, əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əgər hər iki tərəf söz oyunu qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hər hansı irəliləyiş ola bilərmi?

Bayraqdar.info-nun bu suallarını cavablandıran politoloq Yeganə Hacıyeva öncə onu qeyd edib ki, üçtərəfli bəyanatda hər bir ölkənin öhdəlik və məsuliyyəti var: “Ermənistanın bu bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərin biri, hətta deyərdim birincisi məhz kommunikasiyalarla bağlıdır. Azərbaycan tərəfi kommunikasiyalarla bağlı artıq müvafiq addımları atıb. Amma dediyim kimi, Ermənistan kommunikasiyalarla bağlı öhdəliyi yerinə yetirmir. Bu gün N.Paşinyanın nə deməsindən asılı olmayaraq Ermənistan Zəngəzur və Meğri dəhlizinin açılmasını təmin etməlidir”.

Y.Hacıyeva deyib ki, əslində dəhlizlə bağlı Ermənistanın hansısa yeni sənəd imzalamasına ehtiyac yoxdur: “Çünki üçtərəfli bəyanatdakı öhdəliklər sırasında o bənd var və Ermənistan bunu yerinə yetirməlidir. Digər tərəfdən, əgər N.Paşinyanın iddia etdiyi kimi bu, yoldursa, onda həmin bənddə maneəsiz hərəkət ifadəsi yer alıb ki, bu da nəzarət buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. Yəni üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməmişdir. Lakin bununla bərabər, həmin bənddə maneəsiz hərəkət ifadəsi yer almışdır ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur. Dünya praktikasında harda göstərilib ki, hansısa bir dövlətin ərazisinə girəsən və həmin dövlətin gömrük, yaxud sərhəd xidməti səni yoxlamasın? Amma burada məhz nəzarət buraxılış məntəqəsi olmadan, yəni maneəsiz hərəkət ifadəsi yer alıb ki, bu da elə dəhliz deməkdir. Bu, ancaq dəhlizə tətbiq olunacaq ifadədir”.

“İkinci bir tərəfdən Paşınyan iddia edir ki, razılaşmada Laçın dəhlizi ifadəsi var, amma Zəngəzur dəhlizi ifadəsi yoxdur. Amma bu iddianın da heç bir hüquqi əsası yoxdur. Onu da deyim ki, əslində, Zəngəzur dəhlizinin açılmasında Ermənistanın özü maraqlı olmalıdır. Bu ölkənin idarəçiləri hələ başa düşə bilmir ki, regionda Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcək. Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla yolları da açıqdır. Yəni, onun adını nə qoysaq da o bir dəhlizdir. O dəhliz də mütləıq açılacaq və biz də ondan istifadə edəcəyik. Bir sözlə, N.Paşinyan üzərinə götürdüyü öhdəlik və məsuliyyəti yerinə yetirməlidir. Bu isə o deməkdir ki, noyabrın 26-da Soçidə keçiriləcək görüşdə müəyyən razılaşmalar olmalıdır. Bu razılaşmalar da həyata keçirilməlidir”, – deyə müsahibimiz əlavə edib.

Politoloq sonda bir maraqlı məqama da toxunub. Bildirib ki, Ermənistanın bu öhdəlikləri yerinə yetirməsinin təminatçısı Rusiyadır: “N.Paşinyanın son fikirləri ilə bağlı Rusiyanın mövqeyi çox maraqlıdır. Rusiya bu kommunikasiyaların açılmasında maraqlıdır və sərhəddəki son hadisələrdən sonra Prezident Vladimir Putin də bunu bir daha bəyan etdi. Amma N.Paşinyan əks mövqe sərgiləyirsə, Rusiya bundan öncələrdə olduğu kimi, yenə də N.Paşınyanı ağıllandırmalıdır. Yenə deyirəm, istənilən halda bu dəhliz açılacaq. N.Paşinyanın Avropadan gələn sifarişlər əsasında səsləndirdiyi bu açıqlamaları isə sadəcə söz olaraq qalacaq”.

Mission News Theme by Compete Themes.