Son yeniləmə: 24 Noyabr 2021 17:03
Bayraqdar.info – Noyabrın 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu işə başlayıb. Forum Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində reallaşır.
Bu haqda bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
“Açılış mərasimində çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı ümumbəşəri dəyərlərə xidmət edir: “Nizami Gəncəvi dahi şair olmaqla bərabər, həm də filosof idi. Buna görə də onun ədəbi irsi mədəniyyətlər və xalqlar arasında hər zaman körpü rolunu oynayıb. O, müxtəlif xalqların ənənələrini tərənnüm edərək onların arasında dostluq yaratmağa nail olub. Nizami 800 ildir oxunur. Onun poeziyasının bədii dəyəri və fəlsəfi yükü öz mənasını itirmir. Nizami Azərbaycan xalqının iftixarıdır. Azərbaycanda bu gün Nizami adı daşıyan minlərlə vətəndaş yaşayır. Bu bir daha sübut edir ki, o əsl Azərbaycan şairidir. Forumun bütün iştirakçılarına təşəkkür edir və uğurlar arzulayıram”, – deyə məlumatda bildirilir.
Mədəniyyət naziri Anar Kərimov “Nizami ili” çərçivəsində ölkədə və xaricdə çoxsaylı silsilə tədbirlərin keçirildiyini bildirib. Azərbaycan dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf kimi mütərəqqi ideyalarının fəal təbliğatçısı kimi çıxış edir.
“Nizaminin yaratdığı poeziya ənənələri zaman və məkan sərhədlərini aşaraq əsrlər boyu müxtəlif xalqların dahi şairləri tərəfindən uğurla davam etdirilib. Mövlanə Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əlişiri Nəvai, Məhəmməd Füzuli, Əbdürrəhman Cami və başqa neçə-neçə Şərqin dahi şairləri Nizami yolunun layiqli davamçıları olublar”, – deyə nazir bildirib.
“Forumda iştirak edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, “Nizami Gəncəvi kimdir?” sualının cavabı çox genişdir. O, yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı, astronomiya, fəlsəfə, coğrafiya, tibb və riyaziyyatı, eyni zamanda bir neçə dili mükəmməl bilən alimdir. Nizami Gəncəvi ürəyində və beynində mürəkkəb düşüncələri yoxlayıb, əldə etdiyi nəticəni, istər duyğu, istərsə də fikirləri mükəmməl şəkildə sözə çevirib insanlıq üçün miras qoyub: “Türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək. Biz Türk dünyasının mədəniyyət körpüsünü var edən əcdadlarımıza idarəçisindən sənətkarına, aliminə qədər sahib çıxmağın məsuliyyətini daşıyırıq. Biz bir olub minillik tariximizə birlikdə sahib çıxacağıq”.
“Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Türk dünyasının iki böyük ədəbi şəxsiyyəti – Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılıqlarını müqayisə edib. O qeyd edib ki, bu il Özbəkistan Prezidentinin sərəncamı ilə özbək xalqının dahi şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvainin 580 illiyi yüksək səviyyədə qeyd olunur. Nazir vurğulayıb ki, Nəvai Nizamini özünə ustad bilib, əsərlərində onun dahiliyini qeyd edib: “Türk dünyasının dahi ədəbiyyat və mədəniyyət simalarının irsinin tanıdılması və təbliğinə yönələn bütün təşəbbüslər, layihələr təqdirəlayiqdir”, – deyə nazir qeyd edib.
Məlumatda qeyd edilir ki, Forumda Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək forumun əhəmiyyətini yüksək qiymətləndirib. O deyib: “bu gün Nizami Gəncəviyə Moskvada və Sankt-Peterburqda heykəl qoyulub. Hətta Rusiyada belə rus əsilli bir şairin iki heykəlinə çox az təsadüf olunur. Nizami Gəncəvi bu şəhərlərdə adının əbədiləşdirilməsinə layiqdir. O təkcə Azərbaycanın deyil, Şərqin dahi oğludur. İki mütəfəkkiri qeyd edə bilərəm ki, onlar heç vaxt yaşadığı ərazini tərk etməmişdilər. Bunlar Nizami Gəncəvi və Kant idi. Onlar başa düşürdülər ki, insanın vicdanı, başı üzərində duran Allah böyük dəyərlərdir. Nizami Gəncəvi İslam dünyasında və daha geniş məkanda maarif işığı yandırıb. Həmin işıq bu gün də bizim üzərimizdədir”.
Çıxışlardan sonra N.Gəncəvi Beynəlxalq Forumunun səkkiz bənddən ibarət Birgə Kommünikesi qəbul edilib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sənəd haqqında məlumat verib.
“Forumun açılış mərasimində həmçinin bu il Fransada nəşr olunan “Nizami Gəncəvi: qəzəllər və kəlamlar” adlı kitabın da təqdimatı keçirilib. Kitab mərhum azərbaycanlı professor, filologiya elmləri doktoru Əli Musayev tərəfindən 1990-cı illərdə fransız dilinə tərcümə olunmuş Nizami Gəncəvinin 50 qəzəli və 50 kəlamından ibarətdir.
“Qeyd edək ki, Forumun zəngin proqramı var. Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir. Forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri, təqdimatlar, ikitərəfli görüş və digər tədbirlər keçiriləcək.” Məlumatda vurğulanır.