Bayraqdar.info – Daşkənddə “Türk bölgəsində innovasiya və texnoloji inkişafın rolu” mövzusunda Forum keçirilib. Noyabrın 23-də “InnoWeek.Uz -2021” Beynəlxalq İnnovativ İdeyalar Həftəsi çərçivəsində keçirilən Foruma Türk Dövlətləri Təşkilatı və Özbəkistan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyinin ev sahibliyi edib.
Bu barədə bayraqdar.info-ya Türk Dövlətləri Təşkilatının katibliyindən bildirilib.
Qeyd edilib ki, “Forumda Özbəkistan Respublikasının innovasiya və inkişaf naziri İbrohim Abduraxmonov, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Mirvohid Əzimov və Qırğız Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Zalkarbek Karıbekov, habelə dövlət və özəl sektorun nümayəndələri, İT ekspertləri və üzv dövlətlərdən alimlər iştirak ediblər”.
Açılış nitqində M.Əzimov dövlət başçılarının informatika və rəqəmsallaşma sahəsində əməkdaşlığa böyük önəm verdiyini deyib. O, bunun startapları öyrənmək üçün dəyərli platforma yaradacağını vurğulayıb.
Forum çərçivəsində təşkil olunan “Keçmişdən bu günə regional texnoloji inkişaf” və “Türk informasiya modeli və texnologiya transferi işbirliyi” mövzusunda iki panel sessiyası keçirlib. Sessiyalarda iştirakçılar türk bölgəsində texnologiyanın inkişafı prosesi ilə bağlı interaktiv müzakirələr apararaq ən yaxşı təcrübələri bölüşüblər. “İştirakçılar, həmçinin müvafiq milli/regional aktorlar ilə regionda fəaliyyət göstərən İT və innovasiya şirkətləri və yüksək texnologiyalar parkları arasında koordinasiyanın inkişafı ilə bağlı fikir mübadiləsi apararaq, Türkiyə dövlətlərinin bu sahədə üzləşdiyi əsas çətinlikləri müzakirə ediblər” , deyə, sonda vurğulanır.