Press "Enter" to skip to content

Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şura

Bayraqdarf.info – Noyabrın 23-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Bu barədə bayraqdar.info-ya Təhsil Nazirliyindən bildirilib.

Xəbərdə bildirilir ki, təhsil nazirinin müavini Firudin Qurbanov ilk dəfə 2019-cu ildə nazirlik yanında İctimai Şuranın yaradıldığını qeyd edib. Sözügedən Şuranın iki illik fəaliyyətindən danışan nazir müavini yeni tərkibdə formalaşacaq Şuraya da ümidlərin böyük olduğunu vurğulayıb. O qeyd edib ki, təhsil sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, nazirliyin təhsil məsələlərinə dair vacib hüquqi aktlarının ictimai müzakirəyə çıxarılması və nazirliyin fəaliyyətinin əsas istiqamətləri barədə ictimaiyyətin məlumatlandırılması Şuranın əsas vəzifələrindəndir.

F.Qurbanov çıxışının sonunda qurumun təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə uğurlar arzulayıb.

Xəbərdə o da qeyd edilir ki, nazirin müşaviri Elnur Nəsibov da öz növbəsində İctimai Şuranın yaradılması istiqamətində nazirlik tərəfindən indiyədək görülən işlər barədə məlumat verib. “İctimai Şuraya üzvlük üçün ümumilikdə 47 elektron müraciət daxil olub, onlardan 16 namizədin sənədləri elanın tələb və qaydalarına uyğun olduğu üçün müraciətinə müsbət rəy verilərək qeydiyyata alınıb. Həmçinin, sənəd qəbulu prosesi ərzində seçici kimi qeydiyyata alınmaq üçün ümumilikdə 167 müraciət daxil olub. Müraciət edən 60 vətəndaş cəmiyyəti institutu təmsilçilərinin sənədləri müvafiq tələblərə uyğun olduğu üçün müraciətlərə müsbət rəy verilərək qeydə alınıb.

Çıxış edən təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva seçiciləri seçkilərin keçirilməsi və səsvermə prosesinin qaydaları ilə tanış edib.

Daha sonra səsvermə keçirilib.

“Səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini toplayan 5 nəfər üzv seçilib. Boş qalan 4 yer üzrə təkrar seçkilərin keçirilməsi nəzərdə tutulur. Nazirlik yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.