Press "Enter" to skip to content

Müəllimlər Günündə Ali Devrimi xatırlayarkən

Son yeniləmə: 24 Noyabr 2021 09:22

Bayraqdar.info – Noyabrın 24-ü dahi Mustafa Kemal Atatürkə baş müəllimlik statusunun verilməsinin növbəti ildönümü, həmçinin qardaş ölkədə Öğretmenler (Müəllimlər) Günüdür. Bu günün qardaş Türkiyədə olduğu kimi bizdə də böyük dəyəri var. Və bu dəyərli günün şərəfinə həsr etdiyimiz yazımızı beş il öncə, soyuq noyabr günlərində gözlənilmədən bizləri tərk edən Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrim haqqında xatirələr üzərində qurmaq qərarına gəldik.

Ali Hoca uşaqla uşaq, böyüklə böyük oldu

Dahi Atatürk deyirdi ki, “müəllimlər hər fürsətdə xalqa doğru qaçmalı, xalq ilə bərabər olmalı və xalq müəllimin uşağa yalnız əlifba oxudan bir varlıqdan ibarət olmayacağını anlamalıdır”.

Hesab edirik ki, Mustafa Kemal Atatürkün bu istəyini müasir dövrümüzdə öz əməlləri ilə reallaşdıranlardan biri idi rəhmətlik Ali Devrim.

Liseyə müdirlik etdiyi illərdə Ali Hoca uşaqla uşaq, böyüklə böyük oldu. Biz valideynlərin bəzən öz uşaqlarımıza göstərə bilmədiyimiz nəvazişi o göstərdi. Uşaqlarımız naminə hətta bəzən özünə əziyyət verib bizlərlə də görüşməyə, məsləhətləşməyə gəldi.

Həm də bir statusunda qeyd etdiyi kimi, yaxşı və gözəl işlər görmək üçün çalışdı. Bəzən üzüldü, bəzən sevindi. Amma heç zaman pis niyyətli olmadı. Halal olana haram qatmadı. Bununla da bir örnək oldu. Dahi Atatürkün arzuladığı müəllimin necə olduğunu öz həyatı və fəaliyyəti ilə nümayiş etdirdi.

Millətlərin təhsilsiz var olmaları mümkün deyil

Onu tanıdığım ilk gündən bu insanın qəlbində Azərbaycan sevgisinin, Azərbaycan xalqına olan məhəbbətin sərhəd tanımadığı qənatinə gəldim. Liseyə rəhbərlik etdiyi illər ərzində hər gün, hər saat, hər dəqiqə bu sevgisini nümayiş etdirdi.

Biz bunu hər il Azərbaycanın bayram günləri ilə bağlı keçirilən tədbir, elmi-praktik konfrans və digər mərasimlərdə təkrar-təkrar gördük. Ali Hoca bütün bu kimi əlamətdar günlərlə bağlı Liseydə təşkil olunan tədbirlərdə, eyni zamanda məktəblilərlə söhbətlərində o zaman bu təhsil ocağında müəllim işləyən xanımı Hatiçe Devrimlə birlikdə şagirdlərə türk dünyasının şanlı tarixini, həmçinin Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının mahiyyətini anlatdı.

Lakin bununla da kifayətlənmədi. İmkan düşdükcə Liseyin şagirdlərinin həm Azərbaycanın, həm də Türkiyənin tarixi yerləri ilə tanış olması üçün yorulmadan çalışdı. “İnsanlar beyinsiz yaşaya bilmədikləri kimi, millətlərin də təhsilsiz var olmaları mümkün deyil. Yəni millətin beyni təhsildir”, – deyən Ali Hoca Liseydə şagirdlərin ən keyfiyyətli təhsil almaları üçün gecəsini gündüzünə qatdı.

Ən nəhayət, məktəbin qeydiyyatdan keçməsi problemini də həll edərək ona əbədilik qazandırdı.

O, beş il öncə tez-tələsik Türkiyədən geri döndüyü Bakıda gözlərini həyata əbədi yumaraq “Azərbaycan üçün ölürəm” sözlərini də boşuna demədiyini təsdiqlədi.

Türk olmaq, özünü türk hiss etmək başqa bir şey

Heç şübhəsiz, Bakı Atatürk Liseyi hər dəfə uğur qazananda, hər il bu liseyin şagirdləri imtahanlarda yüksək nəticələr göstərəndə onun ruhu şad olur.

Ümumiyyətlə, hesab edirik ki, Ali Hocanın ruhu bu günlər daha da şaddır. Əvvəla ona görə ki, onun da ən müqəddəs arzularından biri olan türk birliyi reallaşır. Həyatını türk dünyasına xidmətə həsr etmiş dəyərli Hocamız dostlarla söhbətində “Türk olmaq, özünü türk hiss etmək başqa bir şeydir” deyərdi. Türk dünyasının bir olmasını çox arzu edərdi.

Özü də təkcə arzu etməzdi, həm də bunun üçün mücadilə edərdi. Söhbət etdiyi hər bir kəsə bu birliyin vacibliyini deyər, bunun bir an öncə reallaşması üçün hər kəsin fəallıq göstərməsini istəyərdi.

Bu gün rəhmətlik Ali Devrimi xatırlamaqla yanaşı, hesab edirik ki, onun da ruhu Turan Yazgan Hocamızın ruhu kimi şaddır. Çünki bu türk kişilərinin arzuladıqları, uğrunda hər cür fədakarlıqları göstərdikləri türk birliyi artıq qurulub. Bu gün özünü Türk Dövlətləri Təşkilatında təcəssüm etdirən türk birliyinin gec-tez Böyük Turana çevriləcəyi də şübhəsizdir.

Ali Devrimin ruhu həm də ona görə şaddır ki, Qarabağın işğalına artıq son qoyulub. O, Azərbaycan torpaqlarının işğal altında qalması ilə heç cür barışa bilmirdi. Hər dəfə Qarabağdan söz düşəndə dərin fikrə gedirdi. Aydında Xocalı abidəsi qoyulması üçün çalışırdı. “Aydın önəmli bir mərkəz… Aydında Ümummilli lider Heydər Əliyev adına bir küçə adı, Xocalı soyqırımı parkı və abidəsi Aydının aydın insanlarına yaraşardı” deyirdi.

Həmin vaxt işğal altında olan torpaqlara olan həsrətini şəhid övladlarına, qaçqın və məcburi köçkün uşaqlara qayğısı, bir də “Qarabağ” futbol klubunun oyunçularını tez-tez liseyə dəvət etməklə sakitləşdirmək istəyirdi.

Əminik ki, bu gün Ali Hocanın şad ruhu artıq azad olunmuş o torpaqlarımızda dolaşır. Sağlığında tez-tez “bircə o torpaqların azad olunduğunu görə bilsəydik” dediyi Şuşada. Laçında, Cəbaryılda, Füzulidə, bir sözlə bütün Qarabağda!!!

Mission News Theme by Compete Themes.