Bayraqdar.info – Ermənistanın Baş naziri Nikol Paşinyan adəti üzrə özünütəkzib rejimində işinə davam edir. Adam bir ölkənin məsuliyyətini üzərinə götürdüyünün fərqində deyil hələ də. Ona görə də gah nala vurur, gah da mıxa.
Noyabrın 23-də N.Paşinyan Facebook üzərindən izləyicilərlə ünsiyyət quraraq bir sıra sualları cavablandırıb. Təbii ki, suallar bir qayda olaraq Azərbaycanla münasibətlərə, özəlliklə də iki dövlət arasındakı sərhədlərə aid olub. Bu da başa düşüləndir. Çünki Ermənistan əhalisində Azərbaycandan fərqli olaraq bu məsələlərlə bağlı aydınlıq yoxdur. Bunun da səbəbkarı elə Ermənistan hakimiyyətinin özüdür.
N.Paşinyan bu dəfə də şakərinə sadiq qalaraq “nə yardan doyur, nə əldən qoyur” yanaşmasıyla hərəkət edib. Adamın suallara verdiyi cavablar, sərgilədiyi mövqedən sezilir ki, Azərbaycanla münasibətlərin mümkün qədər tez həllinin zəruri olduğunu başa düşür. Amma yenə də həm özünün qərarsızlığı, həm də daim basqısı altında olduğu ölkəiçi revanşist qüvvələrin qorxusu üzündən Zəngəzur dəhlizi ilə Laçın dəhlizinin mahiyyətini qarışdırıb, sərhədlərin dəqiqləşdirilməsi məsələsində özünü dolaşdırıb. Adam, bir növ odla su arasında qalıb. Həm də öz günahı üzündən…
Üstəlik, Ermənistanın hətta bugünkü varlığına görə minnətdar olmağa borclu olduğu Rusiyanı da pis vəziyyətdə qoyur bu Baş nazir. Rusiya bütün mümkün vasitələrlə Ermənistanı ayaqda tutmağa – var olmasına təminat verməyə çalışır. Amma adamın bir gözü hələ də Soros babasının istiqamətindədir…
Zəngəzurla Laçın fərqli anlayışlardır. Bunu N.Paşinyana təkrar izah etməyə ehtiyac var. Laçın dəhlizi Azərbaycanın öz ərazisindəki erməni əhalisinin Ermənistana gediş-gəlişi üçün nəzərdə tutulan humanitar dəhlizdir. Yəni burada “dəhliz” deyilən yol kəsimi başqa bir dövlətin ərazisindən keçməklə Ermənistanın yenə də öz torpağına yetişməsi üçün deyil. Laçın da, Qarabağ da Azərbaycan torpağıdır və o dəhliz də Azərbaycanın öz ərazisindədir.
Zəngəzur dəhlizinə gəlincə, bu, Azərbaycanın bir ərazisindən başqa ərazisinə keçmək üçün başqa bir dövlətin – Ermənistanın ərazisindən istifadəsini zəruri edir. Dediyimiz kimi, Ermənistan bundan fərqli olaraq, Laçın dəhlizindən keçməklə yenə də öz ərazisinə getmiş olmur. Ona görə də bu iki “dəhliz” məsələsini qarışdırmamaq lazımdır.
Sərhədlərin dəqiqləşdirilməsi məsələsinə gəlincə, Azərbaycan bunu normal bir ortamda, masa arxasında oturaraq bütün mövcud sənədlər üzərində işləməklə etmək istəyir. Ermənistan isə nə edir? Sanki zorla Azərbaycan üçün sərhəd cızacaqmış kimi cızığından çıxır və nəticədə də silahla başa salınmalı olur…
Ümumiyyətlə, N.Paşinyanın 23 noyabr tarixli sosial media fəallığı bir daha bir gerçəyi təsdiqləyir: Ermənistan dövlətini idarə edənlər və eyni zamanda ictimai rəyə hələ də təsir edə bilənlər arasında dərin uçurum var. Bu uçurum da Ermənistanın xilas yoluna – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasına ən ciddi əngəli təşkil edir. O əngəlin aradan qaldırılması üçünsə, N.Paşinyanın qətiyyətli və dəqiq olması lazımdır. Lakin bu şəxsin liderlik keyfiyyətləri qeyd olunan tələbə cavab vermədiyinə görə hələ də günahsız erməni gəncləri özlərini oda atmalı olur.
Azərbaycana gəlincə, Prezident İlham Əliyevin üstün liderlik keyfiyyətləri və siyasi ustalığı, uzaqgörənliyi, eyni zamanda düzgün strategiya qurma bacarığı, sözübütövlüyü Ermənistan rəhbərliyi üçün örnək ola bilər. Bizcə, Ermənistanın Baş naziri mümkün qədər tez daşı ətəyindən töküb Azərbaycan Prezidenti ilə daha sıx təmaslara can atmalıdır. Belə olacağı halda həm özünün, həm də ölkəsinin problemlərini çox qısa müddətdə həll edə biləcək…