Son yeniləmə: 24 Noyabr 2021 09:51
Bayraqdar.info – Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 24-26 noyabrda “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu keçiriləcək. Forumla əlaqədar noyabrın 23-də “Fairmont Baku-Flame Towers” mehmanxanasında brifinq keçirilib.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, nazirin birinci müavini Elnur Əliyev Prezidentin müvafiq sərəncamı ilə bu il ölkədə “Nizami Gəncəvi İli”nin elan olunduğunu bildirib. Bu münasibətlə Nazirlik ilin əvvəlindən müxtəlif layihələr həyata keçirib. Əlamətdar ilin növbəti tədbiri N.Gəncəvi Beynəlxalq Forumu olacaq. Forumun məqsədi N. Gəncəvinin beynəlxalq aləmdə təbliği və onun yaradıcılığının, ideyalarının əhatə dairəsinin genişliyini nümayiş etdirməkdir. Hətta Nizamidən üç əsr sonra yaranmış Moğol İmperiyasında Nizami “Xəmsə”sindən imtahan verilirmiş. Bu fakt Nizaminin dahiliyinin daha bir göstəricisidir.
“Forumda bir neçə ölkənin mədəniyyət nazirləri də iştirak edəcək. Forumda 15 ölkədən 40-dan çox alim və ekspert, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forumda “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: müasir dünyaya baxış”, “Nizami “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçiriləcək. Həmçinin ikitərəfli görüşlər, kitab təqdimatı və digər tədbirlər də planlaşdırılır”, – deyə nazir müavini bildirib.