Son yeniləmə: 24 Noyabr 2021 15:36
Bayraqdar.info – Xarici işlər naziri Ceyhun Bayramov Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya noyabrın 24-də Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, səfiri salamlayan nazir C.Bayramov ona gələcək fəaliyyətində uğurlar arzu edib. Nazir Azərbaycan və Filippin arasında mövcud olan siyasi münasibətləri yüksək qiymətləndirib. O, iki ölkə arasında iqtisadi, ticarət, turizm, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Səfir xanım Maria Elena Alqabre, öz növbəsində qəbula görə nazir C.Bayramova təşəkkürünü bildirib. Səfir ölkələr arasında mövcud olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksək qiymətləndirərək, bir çox sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin vacib olduğunu qeyd edib.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstək, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və bu dövrdə irəli sürülən təşəbbüslərin uğurla həyata keçirilməsi, həmçinin Hərəkatın sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğu vurğulanıb.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.