Press "Enter" to skip to content

Kardioqramını musiqiləşdirib dinləyən rəssam

Sevda Əskər və rəssam Elmar Məmmədzadə

Son yeniləmə: 24 Noyabr 2021 18:10

Bayraqdar.info – Azərbaycanda rəssamlığın bir çox janrlarına güclü marağın olduğu və bu sahədə xüsusi istedadlı rəssamların yetişdiyi heç kimə sirr deyil. Bəzən elə bir rəsm əsəri görürsən ki, saatlarla baxmaqdan doymursan. Öz payıma deyirəm ki, həftədə bir dəfə rəssamların rəsm əsərlərinə tamaşa etmək üçün şəhərin mərkəzi küçəsini ziyarət edirəm. Satirik janrdan tutmuş portret, peyzaj, divar rəsmlərinə qədər müxtəlif materialların üzərində müxtəlif üsullarla çəkilmiş (sulu boya, yağlı boya, su üzərində, qum üzərində, parçaya, dəmirə əllə toxunduqda hiss edilən rəsm əsərlərini) gördükdə insan fantaziyasının nə qədər geniş olduğunu dərk edirsən.

Bu yaxınlarda isə tamamilə yeni üslubda kölgə effekti ilə ipək parça üzərində yaradılan portret janrı ilə tanış oldum. Mənə göndərilən rəsmləri görən kimi rəssamla görüşməyi qərara aldım.

Rəssam Elmar Məmmədzadə 14 ildir ki, ipək qumaş üzərində portret rəsmləri çəkməklə məşğuldur. İlk 4 ilini ipək üzərində əsərlər çəkib. Son 10 ildə isə ipək üzərində kölgə effektli portretlər çəkir. Bu işin patentinin dünyada yalnız ona məxsus olduğunu bildirir.

-Şəkidə doğulmuşam. Bakıda 18 saylı orta məktəbi bitirdikdən sonra Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbini bitirmişəm. İlk təhsilimi Azərbaycan Dövlət Pedaqoji Unuversitetində Bədii qrafika fakültəsində aldım. Hərbi xidmətə gedib qayıtdıqdan sonra ikinci təhsilimi Türkiyədə özəl məktəblərdən birində aldım.

Kölgə effektli portretlər axşamlar çəkilir…

-Elmar bəy, ipək üzərində rəsmlər çəkmək ideyası haradan gəldi?

-İpək üzərində rəsmləri böyük bacım, rəssam Tünzalə Məmmədzadədən öyrənmişəm. Bacım dünyada ilk dəfə ipək üzərində “Qurani-Kərimi” işləyən rəssamdır. O, Rəssamlıq Akademiyasını bitirib. İpək üzərində rəssamlıq ideyası ona məxsusdur və 2003-2004-cü illərdə bunu patentləşdirib. Əvvəl ipək üzərində çəkməyə başladım. Təkrarçılığı sevmədiyim, yenilikləri sevən biri olduğum üçün yenilik gətirməyi düşünürdüm. Başladım ipək üzərində kölgə effekti yaratmağa. Daha sonra dünyanın ən kiçik əsərlərini lupa ilə çəkdim. Həmin əsərlərə insanlar lupa ilə baxırdılar. İpək üzərində “Bibliya” kitabını yaratdım. Bundan sonra kölgə effektli portretlər çəkməyə başladım.

Mustafa Kemal Atatürk
Mustafa Kemal Atatürk

-İlk sərginiz nə vaxt keçirilib?

-İlk sərgim “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adı ilə 2014-cü ildə baş tutdu. Daha bir sərgim İstanbulda oldu. 10 ilə yaxın orada yaşadım.

Şəhidlərin portetlərini çəkib ailələrinə təqdim edir

-2020-ci ildə 44 günlük 2-ci Qarabağ müharibəsi başlayanda Vətənə gəldim. Müharibə bitdikdən sonra şəhidlərin portretlərini çəkib ailələrinə hədiyyə elədim və bu işi indi də davam edirəm. Şəkinin 60-a yaxın şəhidi var. Mən onların hamısını çəkib ailələrinə təqdim etmişəm. Daha sonra İsmayıllı, Lənkəran və digər rayonlara gedib şəhidlərin portretlərini çəkərək ailələrinə təqdim etmişəm. Hazırda Cəlilabad, Masallı və Kəlbəcər rayonlarının şəhidlərinin portretlərini hazırlayıram. Bu işi təkbaşına yerinə yetirirəm.

-Elmar bəy, indiyə qədər neçə sərginiz keçirilib və neçə əsəriniz var?

-İndiyə qədər 20-dən çox sərgim olub. “Azərkitab”da, İstanbulda, Dubayda sərgilərim olub. Gələn ay növbəti sərgim Qətərdə keçiriləcək. Fevralda Pakistanda bir sərgimin keçiriləcəyi gözlənilir. Ümumilikdə 600-dən çox əsərim var. Çox vaxt axşamlar hava qaralandan sonra çalışıram ki, əsərin kölgəsini görüm.

-İlk kölgə effektli rəsminiz hansı əsər olub?

-İlk dəfə ipək üzərində ulu öndər Heydər Əliyevin portretini çəkdim və bu, çox ideal alındı. Bundan sonra öz portretimi çəkdim. İpək üzərində akril boyalarla çəkirəm.

Heydər Əliyev və Mustafa Kemal Atatürk
Heydər Əliyev və Mustafa Kemal Atatürk

-Niyə məhz kətan deyil, ipək üzərində?

-Şəki ipəyi ilə məşhur olduğu üçün ipək üzərində rəsmlər çəkdim ki, Şəkini vurğulasın. Dünyada kətan üzərində yağlı boya ilə çəkən rəssamlar çoxdur. Mən yenilik etmək istədim.

-Türkiyədə də rəssamlıq sahəsində çalışırdınız?

– İkinci təhsilim memarlıq olduğu üçün İstanbulda köhnə binaların bərpası ilə məşğul olurdum. Paralel olaraq rəssamlığı da davam etdirirdim. İndi də ora gedib-gəlirəm. Türkiyədə əsasən dövlət səviyyəsində sərgilər edirəm. Ankarada, Külliyyədə daha çox sərgilərim keçirilir. Türkiyə Cümhuriyyətinin yarandığı gündən bu günə qədər olan bütün cümhurbaşqanlarının ipək üzərində kölgə effektli portretlərinin üzərində çalışıram. Onun da sərgisini edəcəyik. Ən son Emine Erdoğan xanım Füzuliyə gəldiyində biz görüşüb danışdıq. Belə bir təklif irəli sürdüm, çox da bəyənildi və qəbul edildi.

Portretlərin satışından gələn gəlir şəhid bulaqlarının tikintisinə ayrılır

-Kölgə effektli portretlərə turistlərin marağı necədir?

-Turistlər bu əsərlərə çox maraq göstərirlər. Ən çox dini ayələri alırlar. “Ayətül kürsi”, “BismillahİrRəhmanİrRəhim” və digərlərini alırlar. Avropa turistləri portretlərə üstünlük verirlər. Otellərdə bizim sərgilər keçirilir. Əcnəbi turistlər də orada görüb bəyənir, sifariş edirlər. Bir həftəyə portret hazır olur və ölkələrinə qayıdanda götürüb gedirlər. Portret komplekt şəklində təqdim edilir. Portret, onun söykənəcəyi, projektor və onun da söykənəcəyi komplektə daxildir. Portretləri ən çox dövlət müəssisələri sifariş edir. Son bir ildə müharibə başlayandan indiyə qədər və bundan sonra da əldə edilən bütün gəlir şəhid bulaqlarının tikintisinə ayrılır. Artıq Şəki şəhidlərinə həsr olunmuş bulaq tikintisinə başlamışıq. Bu barədə heç kimə məlumat vermədən edirəm. Əgər şəhidin uşağının rəssamlığa marağı varsa, böyük məmnuniyyətlə ona öyrədirəm.

Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

-Bu janrın digərlərindən fərqi nədir?

-Başqa materialların üzərində çəkilən rəsmdə sonradan dəyişiklik etmək mümkün olur, ipəkdə mümkün olmur. Yayda ipək üzərində işləmək çətin olur. Əl tərləyir və ipəkdə ləkəsi qalır. Ağ ipəyin üzərində qara akvarellə çəkdiyim üçün ağ ipəkdə ləkə dərhal hiss olunur.

-Elmar bəy, bu rəsmlərin saxlanma temperaturu necə olmalıdır?

-Bu rəsm əsərləri otaq temperaturunda saxlanmalıdır.

-Sizin həm də musiqi təhsiliniz var. Rəsm işləyərkən nəyi ddinləyirsiniz?

-Öz mahnılarım var. “Həyat” və “Ümid” adlı iki sözsüz bəstə yazmışam. Onları dinləyirəm. Öz hiss elədiklərimi yazdığım üçün mənə daha doğma gəlir. Amma elə insanlar var ki, portretlərini çəkəndə onlar haqqında məlumat toplayıram. Bu yaxınlarda Kəlbəcərin tanınmış şəxsiyyətləri adlı bir sərgi eləməyi də düşünürəm. Məsələn, “Ürək kardiaqramı” əsərim öz ürəyimə aiddir. Hərbi xidmətdə olarkən yaralanmışdım, ondan sonra məndə travma yaşanmşdı. Həkimdən ürək kardiaqramımı alıb gətirdim, onu ipəyin üzərinə çəkdim və üzərinə not yazdım.

-Maraqlı söhbət üçün təşəkkür edirik.

 

Mission News Theme by Compete Themes.