Press "Enter" to skip to content

İçməli su təchizatı zəif olan yerlər müəyyən edilib

Son yeniləmə: 24 Noyabr 2021 15:28

Bayraqdar.info – Abşeron yarımadası və regionlarda əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə davamlı addımlar atılır. Belə ki, “Azərsu” ASC bu məqsədlə dövlət investisiyası ilə yanaşı daxili imkanlar hesabına da bir sıra layihələr həyata keçirir.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən noyabrın 24-də bayraqdar.info-ya verilən məlumata görə, bu layihələr çərçivəsində içməli su təminatı zəif olan ərazilərdə yeni su xətlərinin inşası reallaşdırılır: “Həmçinin,Vətən müharibəsi şəhidlərinin ailələrinin və qazilərin içməli su ilə təmin olunması, tikinti normalarına cavab verməyən su xətlərinin perspektiv layihələrə uyğun yenidən qurulması işləri aparılır”.

“2021-ci ilin 10 ayı ərzində “Azərsu” ASC-nin daxili imkanları hesabına Hacıqabul rayonunun Qarasu və Qızılburun, Saatlı rayonunun Nərimanov kəndi və məcburi köçkün qəsəbəsi, Tovuz rayonunun Düz Cırdaxan, Gədəbəy rayonunun Tərsyer, Goranboy rayonunun Abbasqulular, Qobustan rayonunun Sündü, Şamaxı rayonunun Bağırlı və Küdrəki, Siyəzən rayonunun Sədan və Eynibulaq, Neftçala rayonunun Abbasalı, Tatarməhlə, Uzunbabalı və Mirzəqurbanlı, Biləsuvar rayonunun Xırmandalı kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması üzrə layihələr həyata keçirilib” , – deyə məlumatda qeyd edilib.

Vurğulanlb ki, Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı zəif olan yerlər müəyyən edilib. Həmin ərazilərin bir qismində su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən şəbəkə hesabına aparılıb.

Bəzi ərazilərdə isə ümumiyyətlə su təchizatı sistemləri mövcud olmayıb və əhali içməli suyu maşınlarla alıb. Bütün bunlar nəzərə alınaraq Bakı şəhərinin Nəsimi, Səbail, Yasamal və Xətai rayonlarında, Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı rayonlarının 16 qəsəbəsində layihələr həyata keçirilib. Bununla da sakinlərin problemi həll edilib. Bakı şəhəri və Abşeron yarımadası, həmçinin regionlardan daxil olmuş müraciətlər əsasında şəhid ailələrinin və qazilərin su təminatının yaxşılaşdırılması ilə bağlı zəruri işlər görülüb.

Ümumilikdə, 10 ay ərzində daxili imkanlar hesabına 74 kilometrdən artıq içməli su, 10 kilometr tullantı su xətləri tikilərək istismara verilib, 21 mindən artıq sayğac quraşdırılıb.

Mission News Theme by Compete Themes.