Son yeniləmə: 24 Noyabr 2021 11:26
Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi tez-tez fermerlərə tövsiyə xarakterli məlumatlar paylaşır. Bu məlumatlar əsasən, müxtəlif meyvə və tərəvəzlərə zərər verən həşərat və zərərvericilərlə bağlı olur. Noyabrın 24-də fermerlərə Nazirlik mütəxəssislərinin növbəti tövsiyəsi Mərmər bağacığı ilə bağlıdır.
“Mərmər bağacığı qəhvəyi rəngdədir. Önkürəkcik, qalxan və baş hissələrində açıq rəngli və tünd rəngli ləkələrin növbələşməsi vizual mərmər şəklini yaradır ki, bağacığın adı da buradan götürülüb.
“Bağacığın yetkin fərdləri daha çox insanların yaşadığı binalarda və digər tikili sığınacaqlarda qışlamağa üstünlük verir. Beləliklə, bir evdə bir neçə min bağacıq yığıla bilər. Yazda bağacıqlar aprel ayının axırına yaxın qışlama yerini tərk etdikdən sonra 1–2 həftə müddətində qidalandıqdan sonra dişi fərdlər bir neçə dəfə yumurtaqoyma yerinə yetirirlər. Yumurtalarını 1,3 – 1,6 mm ölçüdə yarpaqların aşağı hissəsinə ağ şaraoxşar topa şəklində (25–30 ədəd) qoyurlar. 2 həftədən sonra yumurtalardan sürfələr çıxır və 5 yaş mərhələsi keçirirlər. Sürfələrin ölçüləri I yaşda 2,4 mm-ə yaxın, II yaşda 3,7 mm-ə yaxın, III yaşda 5,5 mm-ə yaxın, IV yaşda 8,5 mm-ə yaxın, V yaşda 12 mm-ə yaxın olur.
“Bağacıqlar əsasən əkin materialları, meyvələr və digər bitki məhsulları ilə, daha uzaq məsafələrə isə nəqliyyat vasitələri ilə yük daşımalar vasitəsilə yayılır. Meyvə, giləmeyvə, bostan və tərəvəz bitkilərinə, üzümlüklərə, dekorativ (bəzək) bitkilərinə, lobya, soya, qarğıdalı, dənli bitkilərə, texniki və qəzzəli bitkilərə ümumiyyətlə 100-dən artıq bitki növünə zərər vura bilir”, – deyə Nazirliyin məlumatında qeyd edilir.
Məlumatda bildirilir ki, bağacığa qarşı mübarizədə əsasən kimyəvi üsuldan istifadə edilir.
Meyvə bitkilərinin dərmanlanmasını erkən yazda zərərvericilərin zəif immunitetə malik olduqları vaxtda yerinə yetirmək lazımdır. Mərmər bağacığına qarşı kimyəvi mübarizədə lyambda-siqalothrin, Bifenthrin, İmidokloprid və Tiakloprid tərkibli insektisid və insektisid-akarisidlərdən istifadə olunması müsbət nəticə verir.