Bayraqdar.info – Güney Azərbaycanlı milli fəal Vədud Əsədi ailəsi ilə qısa müddətli telefon danışığında noyabrın 22-də əmniyət orqanı – ETTELAAT-ın təcridxanasından Gilan əyalətinin mərkəzi Rəşt şəhərinin 2 saylı zindanına köçürüldüyünü bildirib.
“Azad İran” Telegram kanalının xəbərinə görə, V.Əsədinin yaxınarı noyabrın 23-də Rəşt şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə müraciət etdiklərini, müstəntiqin onlara qarşı kobud davrandığını və milli fəalın girov qarşılığında zaminə buraxılması müraciətinə təhlükəsizlik idarəsindən dindirmənin nəticəsini almadığı bəhanəsi ilə mənfi cavab verdiyini deyiblər.
Bu günədək Rəşt şəhər təhlükəsizlik idarəsi, prokurorluğu və məhkəməsindən milli fəala qarşı irəli sürülən ittihamlar barədə hər hansı məlumat verilməyib.
Xəbər verdiyimiz kimi, oktyabrın 30-u, axşam saat 19.00 radələrində İran təhlükəsizlik xidmətinin əməkdaşları V.Əsədinin evinə basqın edib və milli fəal həmin gün həbs olunub.
Onun saxlanılması barədə heç bir məhkəmə qərarı təqdim etməyən xəfiyyələr V.Əsədiyə məxsus kompüteri və mobil telefonu müsadirə ediblər.
Habelə milli fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparıblar.
Bundan öncə V.Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik orqanının təhdidlərinə məruz qalıb.
Bununla yanaşı, o, ikinci Qarabağ müharibəsi zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz etdiyinə, Azərbaycan Ordusuna dəstək aksiyasına qatıldığına görə 13 gün müddətinə tutulmuşdu.
Noyabrın 7-də V.Əsədinin zaminə buraxılması üçün Rəşt Ümumi və İnqilab Məhkəməsinin 16-cı bölməsi tərəfindən təyin edilən 170 milyon tümənlik girovun təqdim edilməsinə baxmayaraq, təhlükəsizlik idarəsi və məhkəmə orqanı onun zaminə buraxılmasına maneçilik törədir.