Son yeniləmə: 24 Noyabr 2021 03:26
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi barədə məlumatlandırmanı davam etdirir. Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin idxal və satışına vergi güzəştlərinin müəyyən edilməsidir.
Bu barədə bayraqdar.info-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkənin avtomobil sektorunda ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisinin artırılması məqsədilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif edilib: “Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışının, habelə həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalının da 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur”.
“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.3.3.2-ci yarımbəndi ilə ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, dövlət başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamına uyğun olaraq “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” növbəti onillikdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri kimi təsdiq edilib.
Dövlət Proqramından və milli prioritetdən irəli gələrək avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə mühərrikinin həcmi 2500 kubsantimetrədək olan hibrid avtomobillərin idxalı və satışının 3 il müddətinə ƏDV-dən azad edilməsi, idxalı ƏDV-dən azad olunan elektrik mühərriki ilə işləyən avtomobillərin isə satışının, habelə həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi təklif edilib.
Beləliklə, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, növbəti ildən satışının, habelə hibrid avtomobillərin idxalının və satışının ƏDV-dən azad olunması nəticəsində bu avtomobillərin bazarda qiymətinin aşağı düşməsi nəticəsində əhali üçün əlçatanlığı artacaq. Habelə ekoloji mühitə öz müsbət töhfəsini verəcək, – deyə qeyd edilib.