Press "Enter" to skip to content

“Bakı Metropoliteni”ndə yeni stansiyanın birinci səviyyəsi tikilir

"Bakı Metropoliteni" QSC

Son yeniləmə: 24 Noyabr 2021 14:09

Bayraqdar.info – “Bakı Metropoliteni” QSC-nin “Bənövşəyi” xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı “B-04” olan stansiyanın inşasının birinci mərhələsi davam edir.

Xəbər bayraqdar.info-ya “Bakı Metropoliteni” QSC – dən verilib.

Xəbərdə deyilir ki, H.Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşən stansiyanın yerüstü sahədə örtük tavasının monolit dəmir-betonlama işləri tamamlanıb. Bu işlər çərçivəsində stansiya kompleksinin yerüstü qatında torpaq örtüyü hamarlanaraq, armatur-karkas elementləri yığılıb və betonlanıb.

Ümumən uzunluğu 170 metr olan stansiyanın tikinti işləri üç zonaya bölünməklə aparılır. Hazırda birinci mərhələ çərçivəsində kassa zalı səviyyəsində torpaq qazma və döşəmə tavasının monolit dəmir-betonlama işləri yerinə yetirilir.

“Onu da əlavə edək ki, inşaat işləri başlamazdan əvvəl ictimaiyyətə verilmiş məlumata əsasən, stansiya kompleksi 4 səviyyədən ibarət olacaq. Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə yerinə yetirilir.

“Yuxarı qatda yerləşən kassa zalı və vestibüldən sonra ikinci səviyyə, keçid və yaxud texniki səviyyənin inşasına başlanılacaq. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin qatıdır. Sonuncu, platforma səviyyəsi, başqa sözlə, qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalından ibarət olacaq. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.
“ “Memar Əcəmi” stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları “Qruntda divar” üsulu ilə tikilir. Ekoloji cəhətdən daha səmərəli olan üsul həm də məhdud məkanda tikintinin effektiv qaydada aparılmasına, qənaətə nail olunmasına şərait yaradır.

“Texnoloji tələblərin ardıcıllığına uyğun olaraq, stansiyanın keçidləri bütün işlərin sonunda yerinə yetiriləcək. Hazırda inşa olunan kassa zalı səviyyəsindən 4 giriş-çıxışın olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.

“Bu stansiyada da səviyyədən səviyyəyə keçid eskalatorlar və pilləkənlərlə təmin ediləcək. Xəttin digər stansiyalarındakı kimi əlil arabalarının stansiyaya endirilməsi üçün liftlər quraşdırılacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.