Press "Enter" to skip to content

“Şahdəniz” platformalarından 16 milyard kubmetr qaz

"Şahdəniz- 2" platforması

Son yeniləmə: 23 Noyabr 2021 20:43

Bayraqdar.info  – ““Şahdəniz – 2” şimal cinahında beşinci quyudan hasilata başladı. Bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.

“Mövcud “Şahdəniz – 1” və “Şahdəniz – 2” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) kubmetrdir.”

Məlumat bayraqdar.info-ya noyabrın 23-də bp-nin Mətbuat xidmətindən verilib.

Məlumatda deyilir ki, 2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.

Bayraqdar.info olaraq Energetika Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bildiririk ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50 – 500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Bu yataq dünyanın iri qaz-kondensat yataqlarından biridir. 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş 4 iyun 1996-cı ildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minib. “Şahdəniz” – struktur etibarilə qeyri-korporativ Birgə Müəssisə (BM) ortaqlığıdır. Bp şirkəti Şahdəniz BM-in operatorudur.

“Şahdəniz Mərhələ 1” üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb. Mərhələ 1 üzrə maksimum hasilat ildə təxminən 10 milyard kub metr qaz və gündə 50 min barel kondensat təşkil edir.

“Şahdəniz Mərhələ 2” və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi ŞD Mərhələ 1 layihəsindən hasil olunan illik 10 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edəcək nəhəng bir layihədir.

Mission News Theme by Compete Themes.