Son yeniləmə: 23 Noyabr 2021 15:39
Bayraqdar.info – Xeyli müddətdir bu haqda düşünürəm. Bu gün, sabah deyib yazmağı ertələyirdim. Amma indi qarşıma çıxan və dəyərli oxucularımıza da təqdim etdiyim bu şəkil mövzuya müraciət etməyimə səbəb oldu.
Üst şəkildəki Nigeriyanın Azərbaycana təyin edilmiş səfiridir. O, öz etimadnaməsini Prezident İlham Əliyevə təqdim edir. Əlbəttə, əsas məsələ bu deyil. Bizim məsələmiz başqadır.
Göründüyü kimi, səfir öz milli geyimindədir. İstər-istəməz diqqət çəkir və şəxsən məndə ona, ölkəsinə hörməti artırır. Əlavə olaraq da ilk baxışdan o xalq və ölkənin obrazı haqqında təsəvvür yaradır.
Yaxud da Kambocanın Azərbaycana təyin edilmiş yeni səfiri də Prezident İlham Əliyevlə ilk görüşə milli geyimində gəlib.
Belə bir yanaşma yaxşı deyilmi? Yəni yaxşı deyilmi ki, hər bir ölkənin səfiri təyin olunduğu ölkədə etimadnaməsini təqdim edərkən milli geyimində olsun? Məncə, yaxşıdır.
Elə burdan da hərəkət edərək uzun müddətdir məni düşündürən təklifin üzərinə gəlirəm. Azərbaycan səfirləri də təyin olunduqları ölkələrdə etimadnamə təqdim edərkən milli geyimdə olsunlar.
Necə bir milli geyim? Çox sadə. Buxara papaq və vəznəli çuxa, üzərində də xəncər. Məncə bizim səfirlərimiz özlərini belə təqdim edəcəkləri təqdirdə təyin olunduqları ölkədə dərhal diqqət çəkəcəklər. Bu isə bir səfirin uğurlu iş qura bilməsi üçün olduqca önəmlidir.
Örnək olaraq bu yazıya Prezident İlham Əliyevin dediyimiz geyimdə şəklini də əlavə edirəm. Möhtəşəm görüntü deyilmi? Xarizma, görkəm, ciddiyyət və əzəmət var bu şəkildə.
Səfirlərimiz də getdikləri ölkənin rəhbəri ilə ilk təmasda özlərini belə milli və qürurlu təqdim edərsə faydalı olar. Həm də nəzərə alaq ki, belə olacağı təqdirdə səfirin geyimi də medianın diqqətini çəkər, ictimai müzakirələrə səbəb olar. Yəni Azərbaycanın milli kimliyinin təbliği üçün əlavə imkan yaranar.
Yeri gəlmişkən, özüm də çox zaman xarici səfərlərə gedəndə mill geyim atributlarından istifadə edirəm. Və üzərimdəki diqqəti də görməmək mümkün deyil. Ən adi bir milli papağım belə ətrafdakıların diqqətini çəkir. Hətta olub ki, Avropa Şurası kimi bir yerdə gənclər məhz o papağa görə mənə yaxınlaşıb birlikdə şəkil çəkdiriblər…