Press "Enter" to skip to content

Prezident İlham Əliyev yeni səfirləri qəbul edib

Nigeriya Federativ Respubikasının yeni səfiri

Bayraqdar.info – Prezident İlham Əliyev noyabrın 22-də Portuqaliya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Van Zellerin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti xəbər yayıb.

Məlumatda bildirilir ki, səfir Jaime Van Zeller etimadnaməsini Prezident İ.Əliyevə təqdim edib. Sonra Prezident səfirlə söhbət edib.

Görüşdə ölkələr arasında siyasi əlaqələrin yaxşı olduğu və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi, ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub. Azərbaycanın quruma üzv ölkələr və digər Avropa institutları ilə uğurlu əməkdaşlığının olduğu bildirilib.

Prezidentin Mətbuat xidmətinin yaydığı digər məlumatda İ.Əliyevin noyabrın 22-də Nigeriya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul ettdiyi bildirilir.

Səfir Yakubu Santuraki Suleyman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı səfirlə söhbət edib.

“İ.Əliyev işğal dövründə Nigeriyanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması məsələsinə Nigeriyanın verdiyi dəstəyə görə minnətdarlıq edib.

“Səfir Nigeriya və Azərbaycanın həmişə ədalətin tərəfdarı olduqlarını dedi, ölkəsinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə, xüsusilə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi.

“Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan tələbələrin ölkədə təhsil almaları üçün təqaüd ayırdığını və Nigeriyadan olan tələbələrin bu təqaüd proqramı çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil aldıqları vurğulanıb”, – deyə məlumatda qeyd edilir.

Həmçinin, noyabrın 22-də Uqanda Respublikasının yeni səfiri Muhammad Tezikuba Kisambira da  Prezident İ.Əliyevə etimadnaməsini təqdim edib. Daha sonra ölkə rəhbəri səfirlə söhbət edib.

“Görüşdə dövlət başçısı qeyd edib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə (ASAN xidmət) Uqandanın müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. Qeyd olunub ki, “ASAN xidmət”in Uqandada yaradılması prosesinə dəstək istiqamətində ölkədəki müvafiq qurumlar tərəfindən iş aparılır.

“Söhbət zamanı Azərbaycanın UNESCO-nun xətti ilə Keniya, Tanzaniya və Uqandada gənc qızların təhsilini nəzərdə tutan etimad fondu layihəsinə dəstəyi yüksək qiymətləndirilib.

“Uqandanın yeni təyin olunmuş səfiri M.T.Kisambira Uqanda Prezidentinin salamlarını dövlət başçısına çatdırıb.

“Prezident İ.Əliyev də öz növbəsində Uqanda Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Uqanda dövlətinin başçısına çatdırmağı xahiş edib.”

Eyni zamanda, dövlət başçısı Finlandiya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri xanım Kirsti Narinenin etimadnaməsini də qəbul edib.

“Prezident səfirə Finlandiya Prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini xatırladıb.

“Səfir Kirsti Narine ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu deyib. Səfir Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirib.

“Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.” Məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.