Son yeniləmə: 23 Noyabr 2021 15:25
Bayraqdar.info – Son günlər Milli Məclisdə aparılan büdcə müzakirələri hamının diqqət mərkəzindədir. Əməkhaqlarının, pensiyaların, əlilliyə görə verilən müavinətlərin artırılacağı ilə bağlı xəbərlər gündəmi zəbt edib. Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bayraqdar.info-ya açıqlama verib.
Deputat bildirib ki, 2022-ci ilin dövlət büdcəsi öz həcminə görə müstəqillik dövrünün ən böyük büdcəsidir. Büdcənin həm gəlir hissəsi, həm də xərc hissəsi 1 milyard 400 milyon manata yaxın məbləğdə artır. 2022-ci ildə büdcənin gəlirləri 26.8 milyard manat, xərcləri isə 29.8 milyard manat təşkil edəcək. Büdcənin digər xarakterik tərəfi onun daha çox sosial yönümlü olmasıdır.
“Ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsi müstəqillik dövründə həmişə sosial yönümlü olub, amma sosial xərclərə indiki qədər böyük həcmdə vəsait ayırlmayıb. Büdcə vəsaitlərinin 46.4 faizi sosial xərclərə ayrılacaq. Eyni zamanda, yaşayış minimumunun ehtiyac meyarı və əməkhaqqının artırılması nəzərdə tutulub ki, bu da gələn ildən artıq bütün vətəndaşların əməkhaqqının artmasına səbəb olacaq. Minimum əməkhaqqı 250 manatdan 300 manata çatdrılacaq”, – deyə millət vəkili qeyd edib.
Həmçinin, buna uyğun olaraq da vahid tarif cədvəli üzrə bütün muzdlu işçilərin – istər özəl sektor olsun, istər bələdiyyə, istərsə də dövlət sektoru – əməkhaqları artırılacaq.
Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində də artım var. Təxminən 8.8 faiz. DSMF-in büdcəsi 5 milyard 400 milyon həcmində nəzərdə tutulur. Bu da bütün kateqoriyalardan olan pensiyaların artmasına imkan verəcək: “Minimum pensiya 200 manatdan 240 manata qaldırılıb. Yaşa görə pensiya 41 manat artaraq 372 manata çatdırılacaq. Əlilliyə görə pensiya 38 manat artaraq 300 manata, ailə başçısını itirməyə görə pensiya 35 manat artaraq 298 manata çatdırılacaq. Şübhəsiz ki, bütün dünyada pandemiyadan sonra başlamış maliyyə-iqtisadi böhranı davam edir. Bu böhran nə vaxt sona yetəcək, bunu hələ proqnozlaşdırmaq çətindir. Amma böhranın ağır fəsadları artıq dünya ölkələrində, o cümlədən Azərbaycanda da ərzaq və digər çoxişlənən malların və xidmətlərin qiymətinin artmasında özünü göstərir. Məhz bu qiymət artımını önləməkdən ötrü gələn il bütün sosial ödənişlərin 20-40 faiz arasında, o cümlədən əməkhaqlarının artırılması nəzərdə tutulur”.
M.Quiyev həmçinin onu da bildirib ki, büdcənin digər xarakterik xüsusiyyəti hökumətin 30 ildə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına vəsait ayırmasıyla bağlıdır. Belə ki, 2 milyard 200 milyon manat bu bölgələrin inkişafına, abadlaşdırılmasına, məcburi köçkünlərin geri dönməsi üçün şəraitin yaradılmasına yönəldiləcək.