Son yeniləmə: 22 Noyabr 2021 23:32
Bayraqdar.info – Noyabrın 25-26-da İstanbul Təhsil Zirvəsi keçiriləcək. Türkiyənin Maarif Vəqfi tərəfindən keçiriləcək tədbirdə dünyanın müxtəlif ölkələrindən aparıcı təhsil işçiləri, alimlər məruzəçi qismində iştirak edəcək.
Vəqfdən Türkiyə mediasına verilən məlumata görə, “Təhsildə yeni trendlər və transformasiya” mövzusu ilə ilk dəfə keçiriləcək İstanbul Təhsil Zirvəsində təhsillə bağlı təhlillər, gələcək perspektivlər, nəzəri yanaşmalar və təcrübələr müzakirə olunacaq.
Təhsil dünyasında müşahidə edilən yeniliklərin fərqli ölkə təcrübələri işığında paylaşılacağı beynəlxalq platforma və brend olması hədəflənən zirvədə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın fəxri qonaq qismində iştirakı gözlənilir.
Sammitdə təhsilin gələcəyinin necə olacağı, təhsil və inkişaf, təhsil və sosial ədalət, rəqəmsallaşmanın beynəlmiləlləşməyə necə təsir edəcəyi, təhsilin yenidən qurulması və kurrikulumun beynəlmiləlləşdirilməsi kimi suallara cavab axtarılacaq.
O da vurğulanıb ki, tədbir çərçivəsində Türkiyənin milli təhsil naziri Prof.Dr. Mahmut Özer, həmçinin Qətər, Albaniya və Nigerin müvafiq nazirlərinin iştirakı ilə yüksək səviyyəli iclas da keçiriləcək.