Press "Enter" to skip to content

Hasan Turan: Peşmərgənin Kərkükə qayıtması böhrana səbəb ola bilər

Son yeniləmə: 23 Noyabr 2021 11:34

Bayraqdar.info – Son vaxtlar İraqın şımalında cərəyan edənlər türkmənləri ciddi şəkildə narahat edir. Elə İraq Türkmən Cəbhəsinin sədri Hasan Turanın Anadolu Agentliyinə müsahibəsində də bu narahatlıq ifadə olunub.

O, müsahibəsində deyib ki, dünyada neftin qiymətinin yenidən qalxmasını görən İraq Kürdüstan Regional Rəhbərliyi peşmərgənin Kərkükə geri dönməsini təmin etmək istəyir. Bununla da yenidən Kərkükdən neft ixrac etməyə çalışıldığı və bunun ölkədə yeni böhrana səbəb ola biləcəyi bildirilib.

İraqda oktyabrın 10-da keçirilən növbədənkənar ümumi seçkilərdən sonra “kritik dövrün” yarandığını bildirən H.Turan deyib: “Seçkilərin (tam olmayan) nəticələrinə dair müxtəlif fikirlər və etirazlar ölkəni qaçılmaz olaraq böhrana sürüklədi. Həm seçki qanununda boşluqlar aşkar etdik, həm də elektron sistemin tamamilə səhv olduğunu bildirərək, əllə sayma sistemini müdafiə etdik. Ümid edirik ki, seçki nəticələri ən qısa zamanda şəffaf şəkildə açıqlanacaq”.

İraqda mərkəzi hökumətin 2017-ci ildə Kərkükdə inzibati və təhlükəsizlik mexanizmini nəzarət altına aldığını və peşmərgənin şəhərdən çıxarılmasını təmin etdiyini xatırladan H.Turan, “Kərkükün təhlükəsizliyini federal qüvvələr təmin edir və bundan məmnunuq. Bu, Kərkükdə yaşayan etnik qruplar üçün böyük təminatdır” deyib.

“Peşmərgələrin Kərkükə qayıtmaq istəyi ilk növbədə iqtisadi səbəblərlə bağlıdır” deyən H.Turan sözlərini belə davam edib: “Peşmərgə İŞİD-i bəhanə edərək, 2014-cü ildən sonra (2017-ci ilə qədər) Kərkükdə təsirini artırdı. Bunlar Kərkükdəki neft quyularından 2015-ci ilin fevralından 2017-ci ilin oktyabrına qədər mərkəzi hökumətə qayıtmadan və bir qəpik də göstərmədən gündəlik 400 min barel neft ixrac etdilər. Bu gün neftin qiyməti 80 dollara qalxanda Şimali İraq rəhbərliyi yenidən Kərkükdən neft ixrac etmək arzusuna düşüb. Peşmərgəni yenidən Kərkükə göndərməklə buna nail olmaq istəyirlər ki, bu da böhrana səbəb ola bilər”.

H.Turan müashibəsini aşağıdakı sözlərlə tamamlayıb: “Türkmən və İraq türklərinin də bir parçası olduğu böyük türk dünyasından və türk dövlətlərindən İraqdakı türkmənlərin haqqlarını əldə etmək üçün dəstək gözləyirik”.

Mission News Theme by Compete Themes.