Son yeniləmə: 23 Noyabr 2021 09:19
Bayraqdar.info – Məlum olduğu kimi, Müdafiə Nazirliyində müşavirə keçirən nazir, general-polkovnik Zakir Həsənov bir qrup hərbçinin ordudan tərxis edildiyini və onların hərəkətlərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunduğunu bildirib. Buna səbəb həmin hərbçilərin müharibə zamanı müxtəlif videolar çəkərək sosial şəbəkələrdə yaymaları olub. Sosial şəbəkələrdə həmin videoların məhz döyüşdə can qoymuş hərbçilər tərəfindən çəkilib paylaşılması əlbəttə ki, ürəkağrıdıcı haldır. Həmin videolar bizlərə xoş təsir bağışlasa da beynəlxalq arenada tamam başqa cür hallanır və əleyhdarlar bundan Azərbaycana qarşı istifadə edir.
Baş verənlərlə bağlı “Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli bayraqdar.info-ya açıqlamasında münasibət bildirib:
“Bu məsələ hər zaman müzakirəyə çıxarılan məsələ olub. Məsələ burasındadır ki, hələ 2016-cı ilin aprel döyüşləri zamanı silahlı qüvvələrin yeri, döyüş əməliyyatları ilə bağlı videogörüntülər həm mülki şəxslər, həm də hərbçilər tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılmışdı. 44 günlük Vətən müharibəsində də bunun neqativ halları ilə rastlaşmışıq. Bu məsələlər dəfələrlə mətbuatda yer alıb. Çünki döyüş gedən zaman videoların çəkilməsi, paylaşılması həmin ərazidə xidmət aparan ordu birliklərinin təhlükəyə atılması deməkdir. Həmçinin, bundan başqa əsir və girovların götürülməsi zaman onların vəziyyəti də diqqətdə olur. Biz hər birimiz o videolara baxanda sevinirik, düşmənin cəzalandırılması, erməni əsirlərinə qarşı müəyyən hərəkətlərin edilməsi təqdir olunur. Amma beynəlxalq konvensiyalar var, beynəlxalq təşkilatlar və tələblər var. Bu tələblərin qarşısında müəyyən mənada Azərbaycan dövləti problemlə qarşılaşa bilir. Necə ki, 2020-ci ilin Tovuz döyüşlərindən sonra cəbhənin Goranboy istiqamətində əsir götürülən erməni kəşfiyyatçısına qarşı edilən hərəkət sonradan Azərbaycan dövlətinin hesabat verməsi ilə nəticələndi. Yəni bu hallar birmənalı olaraq bizim üçün müəyyən neqativ vəziyyət yaradır. Hər bir halda yaxşı olar ki, silahlı qüvvələrin hərbi qulluqçuları bütün mənalarda beynəlxalq hüququ nəzərə alsınlar və döyüş gedən zaman videoçəkiliş aparmasınlar. Və əgər çəkilərsə, bunu sosial şəbəkələrdə paylaşmasınlar”.
Bayraqdar.info-nun “Əslində, döyüşlərdə baş verənlər hərbi arxivdə saxlanılmaq üçün çəkilə bilərmi və buna kimin səlahiyyəti çatır?” sualına cavab verən ekspert bu videogörüntülərin yalnız Müdafiə Nazirliyinin hərbi çəkiliş qrrupu tərəfindən fakt, tarix kimi arxivdə saxlanmaq üçün çəkilə biləcəyini vurğulayır. Lakin sosial şəbəkələrdə bu videoların yer alması doğru deyil: “Çünki bu, bizim ümumi maraqlarımıza ziddir. Əlbəttə ki, bir vətəndaş olaraq biz hamımız sevinirik, amma son nəticədə bu, müəyyən problemlər yaradır. Məhz ona görə də həmin hərbi qulluqçuların cəzalandırlması məqsədəuyğundur. Təbii ki, ordu bizim fəxrimizdir. Biz onların qəhrəmanlığı qarşısında baş əyirik. Lakin bəzi məsələlər var ki, onlarla bağlı diqqətli olmaq lazımdır”.
“Hərbçidə mobil telefonun olmasını qadağan edən heç bir qanun yoxdur. Amma smartfonların xidməti yerdə istifadə olunması güc strukturlarının daxilində qadağan edilir. Qadağalarin da icra olunması ilə bağlı müəyyən tapşırıqlar verilir. Bu, birmənalıır. Buna qanun deməyək, daxili xidmət tapşırıqları deyək. Komandirin əmri hərbçi üçün qanundur. Bu baxımdan hər bir güc strukturunda müəyyən qaydalar var. Düşünürəm ki, onların döyüş yolu və xidmətləri nəzərə alınacaq. Amma elə məsələlər var ki, orada həqiqətən çox ehtiyatlı olmaq lazımdır”, – deyə hərbi ekspert bildirir.