Bayraqdar.info – Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan bildirib ki, ölkəsi Türkiyə ilə münasibətlərin hər hansı ön şərt olmadan müzakirəsinə hazır olması haqqında Moskvanı məlumatlandırıb.
Xəbəri noyabrın 23-də Sputnik Armenia yayıb.
V.Unanyan bildirib ki, Ermənistan tərəfi bununla bağlı mövqeyini Rusiyalı həmkarlarıyla görüş zamanı bildirib.
Xəbərdə o da bildirilir ki, Ermənistan Türkiyə ilə münasibətlərin tənzimlənməsinə həmişə və heç bir ön şərt irəli sürmədən hazır olub. Üstəlik, bu mövqe hökumətin proqramında da qeyd edilib. Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən Rusiya bu məsələdə yardımçı ola biləcəklərini bəyan edib.
V.Unanyan deyib ki, buna baxmayaraq hələlik Türkiyə ilə heç bir danışıq getmir.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasındakı sərhəd 1993-cü ildən bağlıdır. Buna səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olub. İki dövlət arasında indiyə qədər sərhəd problemindən başqa diplomatik tanınma da yoxdur.
Türkiyə tərəfi öncəki illərdə davamlı şəkildə bəyan edib ki, Ermənistanla sərhəd yalnız Azərbaycanın istəyi ilə açıla bilər. Hazırda Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etsə də rəsmi İrəvanın qeyri-müəyyən, bəzən də cığal davranışları üzündən sülh müqaviləsi imzalamaq mümkün olmur. Ona görə də Türkiyə sərhədi açmağa tələsmir.