Son yeniləmə: 22 Noyabr 2021 23:51
Bayraqdar.info – Kosovanın Baş naziri Albin Kurtinin açıqlaması Serbiyada qəzəblə qarşılanıb. Bu barədə Balkan News saytı məlumat verib.
Məlumatda deyilir ki, Baş nazirin Kosova və Albaniyanın “bir millət, iki dövlət” olduğunu və demokratik referendum keçiriləcəyi təqdirdə Kosovanın Albaniya ilə birləşməsinə səs verəcəyini deməsi Serbiyanın hakim dairələrini qəzəbləndirib.
A.Kurti hazırda hökumətinin prioritetləri arasında “birləşmə” məsələsinin olmadığını, lakin demokratik referendum keçiriləcəyi təqdirdə verdiyi səsin “hə” olacağını bildirib. Xalqın onu korrupsiya ilə mübarizə və gənclərin məşğulluğunu artırmaq üçün seçdiyini vurğulayan A.Kurti gələcəkdə Albaniya ilə birləşmə variantını da istisna etmədiyini deyib.
A.Kurtinin açıqlamalarına sərt reaksiya verən Serbiyanın Baş naziri Ana Brnabiç isə deyib ki, onun sözləri regionun təhlükəsizliyi və sabitliyinin təməllərinə daş atmaq kimidir.
A.Kurtinin Albaniya ilə birləşmə siyasəti yürütdüyünü deyən A.Brnabiç Avropa Parlamentinin Kosova üzrə məruzəçisi Viola von Kramonu bəyanatlara reaksiya verməyə dəvət edib. “Susmaq bunu təsdiqləmək deməkdir” , – deyə, A.Brnabiç əlavə edib.