Bayraqdar.info – Ukrayna Baş Prokuroru Ofisinin təşəbbüsü ilə Kiyev şəhərində Kiber Təhlükəsizlik mövzusunda Beynəlxalq Forum təşkil edilib.
25 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi Forumda Azərbaycan Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev təmsil ediblər.
Xəbər bayraqdar.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən verilib.
Tədbirdə kibertəhlükəsizlik, bu sahədə hazırki vəziyyət, gələcək meyllər, kibercinayətkırlıqla mübarizə sahəsində beynəlxalq və milli təcrübə, beynəlxalq əməkdaşlıq və digər məsələlər ətrafında səmərəli müzakirələr aparılıb. Ekspertlər forum iştirakçıları ilə öz təcrübələrini bölüşüblər.
“Beynəlxalq Forumda M.Əhmədov Azərbaycanda kibercinayətkarlıqla mübarizədə müşahidə olunan aspektlər, milli qanunvericilik, yeni imkanlar, çətinliklər və başqa məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.
“Səfər çərçivəsində Baş Prokurorluğun nümayəndə heyəti ilə Ukrayna Prokurorluğunun Elm-Tədris Mərkəzinin direktoru Olesia Otradnova arasında işgüzar görüş baş tutub.
“Görüş zamanı həmçinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib. Hər iki ölkənin prokurorluq orqanları arasında elm-tədris sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə bildirilir.