Press "Enter" to skip to content

Aktyor ömrü: Dürüst yaşadı, sevildi və sevənlərini tərk etdi…

Əməkdar artist Məcnun Hacıbəyov

Son yeniləmə: 22 Noyabr 2021 12:02

Bayraqdar.info – …Hər kəsdən incimişdi. 65 yaşında pensiyaya çıxarılması incitmişdi onu. Heç cür bu qərarla barışa bilmirdi. “Axı necə ola bilər ki, aktyora 65 yaşın var, sən daha rol ala bilməzsən”, – deyib səhnədən yola salasan? Dünya kinematoqrafoyasında belə bir anlayış yoxdur. Kinolarda yaşlı aktyorların öz yeri, öz rolu olur. İstər tamaşalarda, istərsə də filmlərdə yaşlı aktyorlara həmişə ehtiyac olur. Çünki, gənclər nə qədər cəhd etsələr də, yaşlı aktyorların obrazını bir o qədər uğurlu alındıra bilmirlər. Elə bu incikliklə də yığışıb Qubaya, İkinci Nügədi kəndinə – ata-baba yurduna köçməyi üstün tutmuşdu 40 ildən çox səhnədə olan Əməkdar artist Məcnun Hacıbəyov. Ömrünün qalan illərini də elə bu kənddə yaşadı.

“Fatı, qalx, Fatı otur! Fatı qalx, mənim məclisimi tərk elə!”

Yəqin ki, “Qatarda” tamaşasını bir çoxunuz izləmisiniz. Tamaşanın qısa süjet xətti belədir ki, pinəçiliklə məşğul olan Dadaşov familiyalı şəxs (obrazı Yaşar Nuri canlandırıb) qatarla uzaq yol gedir. Bütün hadisələr də məhz qatarda baş verir. Kupe yoldaşları arasında bir müddətlik də olsa fərqlənmək istəyən Dadaşov özünü vəzifəli şəxs kimi aparmağa başlayır. Yolboyu hərəni nəsə almağa, nəsə gətirməyə göndərən pinəçi lap sonda heç bir vəzifə sahibi olmadığını, sadə pinəçi olduğunu bildirir.

Tamaşada Fətulla – Fatı rolunu Məcnun Hacıbəyov oynayır.

Fətulla Dadaşovu vəzifəli şəxs bildiyi üçün yaltaqlanır və ona “Yoldaş Dadaşov” deyə müraciət edərək hörmətlə davranmağa başlayır. Bu hal istər-istəməz ətrafdakı insanlarda da Dadaşova qarşı bir çəkingənlik yaradır. Hamı onunla məsafəli davranır. Dadaşov isə Fətullanın vəzifəli şəxslərə olan yarınmaq xasiyyətini ələ salır, tez-tez “Fatı qalx, Fatı otur” deyərək onunla məzələnir.

Onun yaddaqalan obrazlarından biri də “Yarımştat” tamaşasındadır. Tamaşada M.Hacıbəyov Zoopark müdirinin müavini Murtuz rolundadır. Onun tərəf müqabili yenə Yaşar Nuri olur və bu komediya da tamaşaçılarda dərin iz buraxıb.

Qeyd edək ki, M.Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun İkinci Nügədi kəndində doğulub. Aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. Ailədə 9 uşaq olublar. 1958-ci ildə Sumqayıtda zavodlardan birində çilingər kimi çalışmağa başlayıb.

Teatra gəlişi

Aktyorun özü müsahibələrindən birində deyirdi ki, 1959-cu ildə A.Bakıxanov adına Quba Dövlət Dram Teatrı Sumqayıta qastrola gəlmişdi: “O zaman mənim 24 yaşım var idi. Teatrın tamaşasını izlədikdən sonra məndə bu teatrda işləmək istəyi yarandı. Teatrın direktoruna müraciət etdim”.

M.Hacıbəyovda aktyorluq potensialı görən direktora ən çox onun səsi xoş gəlir və o, Məcnunu işə götürür. Gənc iki il Quba Dövlət Dram Teatrında çalışır. Ailədən onun üçün elçi gedirlər: “Mən özüm heç o qızı görməmişdim. Elə evdən dedilər, razılaşdım”. Amma aktyor olduğu üçün Qubadan Nahidə xanımı ona vermirlər ki, maaşın azdır. Evlənmək üçün məcbur olub işdən çıxan aktyor toydan 2 ay sonra yenidən teatra qayıdır. Lakin sonralar çox sevdiyi ömür-gün yoldaşı 56 yaşında onu tək qoyub dünyadan köçür.

Aktyorun ilk tamaşası “Qız qalası”nda saray xanəndəsi obrazı olub.

1960-1965-ci illərdə o, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində təhsil alır. C.Cabbarlının “Almaz” əsərindəki Ocaqqulu obrazı Məcnunun diplom işi olur. Ocaqqulu obrazından sonra onu Akademik Milli Dram Teatrına işə dəvət edirlər.

Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat”, “Özümüzü kəsən qılınc”, “Evləri köndələn yar” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

M.Hacıbəyov 40 ilə yaxın Akademik Milli Dram Teatrında çalışıb. Əməkdar artist adı alıb.

“Solgun çiçəklər” tamaşasında Əbdül rolunu canlandırmaq ən böyük arzusu olub.

Kitab oxumaq insanı saflaşdırır

Bu, M.Hacibəyovun həmişə işlətdiyi məşhur sözüdür. O, hamını kitab oxumamaqda qınayırdı. Gördüyü hər kəsi də kitab oxumağa dəvət edirdi.

“Muxtar Avşarovla 22 il bir otaqda qalmışıq. O, harada maraqlı bir kitab görərdisə, mənə deyərdi ki, get o kitabı al” deyirdi Əməkdar artist.

Kənddə samovar qaynadıb, toyuq-cücə bəsləməklə, ağaclara qulluq edib həyət-baca becərməklə məşğul olan aktyor ömrünün 86 yaşında bizləri tərk etdi.

O, mənfur xəstəlik koronovirusdan dünyasını dəyişdi. Uzun müddət Quba Mərkəzi Rayon Xəstəxanasında COVID-19-dan müalicə olunsa da, sağlam həyat sürən aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Əməkdar artist Məcnun Hacıbəyovun Ceyhun və Pərviz adında 2 oğlu, Zülfiyyə adında 1 qızı, 7 nəvəsi və 3 nəticəsi var.

Mission News Theme by Compete Themes.