Bayraqdar.info – Noyabrın 22-də Daşkənddə Özbəkistanın müdafiə naziri Bahodir Qurbonov Qazaxıstanın müdafiə naziri, general-leytenant Murat Bektanovun başçılığı altında nümayəndə heyətini qəbul edib.
Xəbəri Özbəkistan Müdafiə Nazirliyi yayıb.
Görüş zamanı tərəflər müdafiə sahəsindəki qarşılıqlı münasibətlərin faydası və iş birliyi əlaqələrinin durumu, həmçinin gələcəyi yönündə müzakirə aparıblar. Eyni zamanda münasibətlərin daha da gücləndirilməsi haqqında fikirlər səsləndirilib.
Hər iki tərəf Qazaxıstanda keçirilmiş “Qalxan – 2021” və Özbəkistanda keçirilən “Həmkarlıq – 2021” ortaq hərbi təlimlərinin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı iki qardaş xalqın həmrəyliyi, hərbi və hərbi-texniki sahədə həmkarlıq məsələlərinin cari durumu, gələcəyi və bölgədə təhlükəsizlik məsələləri müzakirə edilib.
Müzakirələrin sonucu olaraq Özbəkistan və Qazaxıstan müdafiə nazirlikləri arasında hərbi sahədə həmkarlıq haqqında tədbirləri ehtiva edən razılaşma imzalanıb.
Səfər çərçivəsində Qazaxıstan hərbi nümayəndələri paytaxt Daşkənddəki “Qələbə bağı” memorial kompleksini, Müdafiə Nazirliyinin “Çimyon” təlim mərkəzini və Silahlı Qüvvələr Akademiyasını ziyarət ediblər.