Son yeniləmə: 22 Noyabr 2021 17:09
Bayraqdar.info – M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi açılıb.
Xəbəri bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən veriblər.
Mədəniyyət Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə kitabxananın direktoru Kərim Tahirov Nizami Gəncəviyə həsr edilmiş silsilə tədbirlərdən və rəhbəri olduğu qurumun bu istiqamətdəki fəaliyyətindən söz açıb.
“K.Tahirov vurğulayıb ki, ölkədə Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir: “Bu sərgi sözügedən festival çərçivəsində gerçəkləşib. Cari ildə ölkədə dahi şairin yaradıcılığına həsr edilmiş çoxsaylı tədbirlər keçirilib. Eyni zamanda, “Nizami Gəncəvi İli” çərçivəsində Milli Kitabxanada da silsilə tədbirlər təşkil olunub. Biz dahi şairin bir çox əlyazmalarını digər ölkələrdən Milli Kitabxanaya gətirmişik. Ümid edirəm ki, həmin əlyazmalar tədqiq edildikdən sonra Nizami irsi daha da dərindən öyrəniləcək, çox mətləblər üzə çıxacaq”.
“K.Tahirov əlavə edib ki, sərgidə təqdim edilən miniatürlər ilk dəfə nümayiş edilir.
“Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli N.Gəncəvi yaradıcılığının zənginliyindən söz açıb. Nazirlik rəsmisi qeyd edib ki, təmsil etdiyi qurum dahi şairin 880 illiyi münasibətilə çoxsaylı tədbir, sərgi, festival və təqdimatlar təşkil edib və bu yöndə addımlar davam edir. A.Marifli sərginin əhəmiyyətindən danışaraq, zəhməti keçən hər kəsə təşəkkür edib.
“Xalq rəssamları Arif Hüseynov və Sirus Mirzəzadə “Nizami Gəncəvi İl” çərçivəsində keçirilən tədbirlərdən bəhs edib, sərgi ilə bağlı fikirlərini bölüşüblər.
“Sonra qonaqlar sərgi ilə tanış olublar”, – deyə xəbərdə qeyd edilib.