Bayraqdar.info – Müraciətlərin ədalətli araşdırılması yalnız sahibkarların və istehlakçıların qərəzsiz və doğru məlumatları əsasında aparıla bilər. Bu fikirlər mebel istehsalı və satışını həyata keçirən iri bazar iştirakçıları ilə görüşdə vurğulanıb. Görüşdə qeyd edilib ki, ötən dövrə nəzərən müsbət tendensiyalar müşahidə olunsa da, bəzi sahibkarların sorğulara formal yanaşaraq onları ətraflı cavablandırmaması kimi problemlər də qalmaqdadır.
Bu barədə bayraqdar.info-ya noyabrın 22-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidməti istehlakçı hüquqlarının qorunmasında sahibkarların rolunu müəyyən edərək bu sahədə daha effektiv nəticə qazanmaq məqsədilə iri şirkətlərin nümayəndələri ilə görüşləri davam etdirir. Beləliklə, növbəti görüş mebel istehsalı və satışını həyata keçirən iri bazar iştirakçıları ilə baş tutub.
Görüşdə mebel istehsalı və satışı ilə əlaqədar cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib.Vurğulanıb ki, şikayətlərin böyük hissəsi qüsurlu mal kateqoriyasına aiddir: “Müzakirə zamanı həmçinin, sifarişlə mebel hazırlanarkən istehlakçılarla müqavilələrin bağlanması, malların çatdırılması və quraşdırıldıqdan sonra təhvil-təslim aktının tərtibi, sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi və quraşdırmanın qüsurlu aparılmasından irəli gələn məsələlərə diqqət yetirilib”.
Görüşdə həmçinin, Dövlət Xidməti tərəfindən vətəndaş müraciətləri ilə bağlı şirkətlərə ünvanlanan sorğularaqısa müddətdə və ətraflı cavab verilməsi məsələsi qaldırılıb.
Tədbirdə çıxış edən sahibkarlar bu cür görüşlərin bazar iştirakçıları üçün faydalı olduğunu bildiriblər. Qeyd olunub ki, təmsil etdikləri sahədə sahibkarları birləşdirən təşkilatların rolunun artırılması istehlakçılara göstərilən xidmətlərin daha keyfiyyətli olması üçün şərait yarada bilər.
Sahibkarlara satış zamanı istehlakçıların tam məlumatlanmasına, sifariş verilən məhsulların təhvil-təslim qaydalarına riayət olunmaqla təqdim edilməsinə və istehlakçı müraciətlərininətraflı araşdırılmasına diqqətin artırılması tövsiyə olunub.