Press "Enter" to skip to content

Böyük Turan sevdalısı – Turan Yazgan

Bayraqdar.info – “Öncə onu deyim ki, səhhətimdəki problemlər ucbatından son 3 il ərzində Azərbaycana gələ bilməmişdim. Ona görə də bu torpaqlar, burada təhsil verdiyimiz tələbə və şagirdlər üçün çox darıxmışdım. Eyni zamanda, şagird və tələbələrimizin yetişdirilməsində böyük əməyi olan müəllimlərimiz, pedaqoji kollektiv üçün də çox darıxmışdım. Həm Bakı Atatürk Liseyində, həm də İqtisad Universitetindəki Türk Dünyası İşlətmə fakültəsində çalışanlarla yenidən görüşmək istəyirdim. Bunun üçün də nəyin bahasına olursa-olsun, hətta xəstə olmağıma rəğmən Bakıya gəldim. Şükürlər olsun ki, hər iki məktəbimizin buraxılış tədbirlərində iştirak etdim. Çox xoşbəxt oldum və qürur duydum.”

Bu fikirlər Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, Prof. Dr. Turan Yazgana məxsusdur. Bu gün vəfatından 9 il ötən Turan Hoca bunu 11 il öncə həmin vaxt çalışdığım “Yeni Azərbaycan” qəzetinə özəl müsahibəsi zamanı demişdi.

Bəli, Turan Yazgan ağır xəstə olmasına, həkimlərin təyyarəyə minməsinə qadağa qoymasına baxmayaraq Bakıya gəlmişdi. Müsahibədən bir gün öncə Bakı Atatürk Liseyinin ənənəvi məzun törəninə qatılmışdı.

Xəstəliyinə rəğmən Bakıya gəlmişdi

Onun xəstəlikdən necə əziyyət çəkdiyi, Bakıya gəlməklə necə bir risk etdiyi gözlərindən bəlli idi. Amma buna rəğmən bu dəyərli insan şagirdlərin qarşısındakı çıxışında bir saniyə belə canındakı şiddətli ağrıları, yorğunluğunu, taqətsizliyini hiss etdirmədi.

Əksinə, daha qətiyyətli duruş sərgiləyərək, məktəbi bitirən gənclərə “biz sizi yetişdirib buralara qədər gətirdik. Bundan sonra əsas vəzifə sizlərin üzərinə düşür. Yaxşı oxuyub, mütəxəssis olub ölkələrinizə, həm də türk dünyasına xidmət etməlisiniz. Çünki türk dünyasının gələcək idarəçiləri sizlərsiniz” dedi.

Bir də növbəti dəfə bayraq, dövlət nəsihətini dilə gətirdi: “Harda olursunuzsa olun, bayrağınıza, dövlətinizə, torpağınıza sadiq olun!”

Bəli, bu, bir türk ziyalısının, türk Bilgəsinin, ömrünü Böyük Turanın yaranmasına həsr etmiş türk millətçisinin vəsiyyəti idi həm də. O, türk dünyasının bir gün birləşəcəyinə, Böyük Turanın qurulacağına inanır və bu birliyin gələcək idarəçilərinin də bu yolda qətiyyətli, özünə inamlı olması üçün imkanı olan bütün addımları atırdı. Həmin vaxt onun həkimlərin “olmaz” israrına rəğmən, necə deyərlər, canını dişinə tutaraq Bakıya gəlməsinin kökündə də məhz bu istək, inam və qətiyyət dayanırdı.

Gənclərə Turanı quracaq əsgərlər kimi baxırdı

Bu gənclərə Böyük Turanı bütün sahələrdə irəli aparacaq bir əsgər kimi baxırdı Turan Yazgan. Onun üçün də həmin gənclərin, Böyük Turanın qurucu əsgərlərinin önündə dik duraraq (bütün çətinliklərə rəğmən), onlara öz vəsiyyətini çatdırırdı əslində həmin gün.

Bəli, 1938-ci ildə İspartanın Egirdir ilçəsində anadan olan Prof. Dr. Turan Yazgan gənc yaşlarından dahi Mustafa Kemal Atatürkün “Türk birliyinə inanır və onu görürəm” vəsiyyətinin reallaşması üçün çalışdı. Məhz bu məqsədlə də 1980-ci ildə bir neçə məsləkdaşı ilə birlikdə Türk Dünyası Araşdırmaları Vəqfini təsis etdi.

Fəaliyyətə başlamasının artıq 41 ili tamam olan Vəqfin qurulmasında əsas məqsəd türk dünyasındakı şagird və tələbələrə təlim və təhsil verilməsinə yardımçı olmaqdır. Yəni, Turan Yazgan və məsləkdaşları məhz bu Vəqfin təsisçiliyi ilə türk yurdlarında, o cümlədən keçmiş SSRİ-nin dağılmasından sonra müstəqilliyinə qovuşan türk respublikalarında daha bilikli, türklük düşüncəsinə sahib şagird və tələbələrin yetişdirilməsi üçün hərəkətə keçdilər.

Yeri gəlmişkən, Türk Dünyası Bakı Atatürk Liseyi və Azərbaycan İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Bakı İşlətmə fakültəsi də Vəqfin bu məqsədlərinə xidmət üçün yaradılıb.

Və sonda “XXI əsrin türk əsri olması üçün hadisələri düzgün dəyərləndirməli, özümüzə, bizim olanlara sahib olmalıyıq. Dildə, fikirdə, işdə birliyə nail olmalıyıq” deyirdi dəyərli Turan Hoca. Çox narahat idi. Bu narahatlığını “bəzi türkdilli ölkələrdəki siyasi iradələr çox səmimi olaraq bu məsələyə əyilə bilmir” sözləri ilə ifadə edirdi.

Turanın Hocanın idealları gerçək oldu

Şükürlər olsun ki, rəhmətlik Turan Yazganda narahatlıq doğuran bu hal artıq aradan qalxıb. Bu gün mərkəzində Türkiyə-Azərbaycan qardaşlığının dayandığı türk birliyi – Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq qurum kimi öz sözünü deməyə iddialıdır.

Çünki türk dünyasında hamı çəkici eyni zindana vurur!

Çünki artıq bütün türk ölkələrində siyasi iradə türk birliyindən yanadır!

Çünki artıq bütün türk dünyası, hətta kökü kökümüzdən olan macarlar da “Dildə, fikirdə, işdə birlik” deyir!

Özü də təkcə demir, bunun bütün sahələrdə reallaşması üçün gecə-gündüz çalışır.

Ona görə də bu gün rahatlıqla deyə bilirik ki, rahat yat, Tutan Hoca. Rahat yat, Böyük Turan uğrunda hər şeyini fəda edən dəyərli insan. Sizin və sizin kimi Böyük Turan məsləkli kişilərin arzuları artıq çin olur. Dünən mədəniyyət birliyi ilə yola çıxan, bu gün regional təşkilatdan beynəlxalq qurumua çevrilən türk birliyi sabah sizin arzuladığınız kimi vahid ordulu, vahid iqtisadiyyatlı, nəhayət vahid əlifbalı Böyük Turana çevriləcək.

Mission News Theme by Compete Themes.