Bayraqdar.info – Nizami Kino Mərkəzində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının (BQFF) açılış mərasimi olub.
Əvvəlcə torpaqların bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev bildirib ki, mərkəz festivalın daha geniş tanınmasında 12 ildir çalışır. O, noyabrın 23-dək davam edəcək festivalda tamaşaçıların bir-birindən maraqlı filmlər izləyəcəklərini bildirib. Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.
Xəbər bayraqdar.info-ya noyabrın 22-də Mədəniyyət Nazirliyindən verilib.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib. “Mədəniyyətin vacib sahələrindən biri olan kino gəlirli bir sahədir. Kino mədəniyyətin inkişaf mərhələsinin göstəricilərindən biridir. Bu istiqamətdə Azərbaycan Kino Agentliyinin yaradılmasının son mərhələsindəyik. Gələn il festivalı daha geniş keçirmək niyyətindəyik. Biz istəyirik ki, bu festivallar ölkəmizdə kino sənayesinin inkişafına öz töhfəsini versin”.
“Tədbirdə bildirilib ki, festivala 76 ölkədən 3 min 217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib.
“Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərləri) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqədə iştirak hüququ qazanıb.
“Sonra festivalın xarici və yerli münsiflər heyəti səhnəyə dəvət olunub. Çıxışlarda qeyd edilib ki, bu il festival ilk dəfə olaraq Azərbaycan kinosunda xidmətlərinə görə “Qızıl Nar” mükafatını təqdim edəcək. Mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərimizə veriləcək.
“Festivalın daha bir sürprizi Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) namizədlərinin xüsusi nümayişi olacaq. “British Council” ilə əməkdaşlığın nəticəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı uğrunda 2020-2021-ci illərdə nominant və qalib olmuş dörd film yerli tamaşaçılara təqdim olunacaq.
“Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də Nizami Kino Mərkəzində keçiriləcək”, – deyə xəbərdə bildirilir.
Kann, Venesiya, Berlin Film festivallarında, Oskarda mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.
“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “ÖZ Film” şirkəti, “British Council” yer alır.