Son yeniləmə: 22 Noyabr 2021 18:33
Bayraqdar.info – Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, Prof. Dr. Turan Yazganın vəfatından doqquz il ötür. Ötən illərdə olduğu kimi, bu dəfə də Turan Yazganın vəfatının növbəti ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir.
Bu tədbirlərdən biri də noyabrın 22-də Bakı Atatürk Liseyində keçirilib. Bu barədə bayraqdar.info-ya Liseydən məlumat verilib.
Bildirilib ki, liseyin direktoru Eylem Gültekinin, UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yücenin, həmçinin liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir Turan Yazganın xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Sonra çıxış edən liseyin direktoru Eylem Gültekin mərhum Turan Yazganın türklük sevdalısı olduğunu bildirib. O, bu məktəbin də onun bir yadigarı olduğunu deyib.
Qeyd edilib ki, həyatını türklüyə, türk dünyasına həsr edən Turan Yazganın bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfi onun türk dünyası üçün qoyub getdiyi ən böyük əmanətdir.
UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yüce isə bildirib ki, Turan Yazgan İsmayıl Qaspıralının dildə, fikirdə, işdə birlik ideyasının və Mustafa Kamal Atatürkün “Türk birliyinə inanır və onu görürəm” fikrinin həyata keçirilməsi üçün var gücü ilə çalışıb: “Rəhmətlik Turan Hoca həyatını Türk dünyasının birliyinə, bütövlüyünə həsr etmişdi. O, bu yolda yorulmadan çalışdı və bizlərə bir örnək qoyub getdi. Bizlər də onun yolu ilə gedərək, bu yolda üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq”.
Digər çıxışlarla davam edən anım tədbirində həmçinin liseyin şagirdləri tərəfindən türklüyə həsr olunmuş şeirlər səsləndirilib.